Azərbaycan və Türkiyə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da ölkəmizdə
səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin
Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Milli Məclisin Mətbuat və İctimaiyyətlə
Əlaqələr şöbəsindən bildirilib.
Milli
Məclisin sədri qonağı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək,
ona uğurlar arzulayıb
Görüşdə
Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasında xalqlarımızın ortaq
tarixi, dili, dini, milli-mənəvi dəyərlərinin dayandığı, Ulu Öndər Heydər
Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan ölkələrimizin
daim bir-birinin yanında olduğu bildirilib. Qeyd olunub ki, bu gün dövlət
başçılarımızın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq
münasibətlərinin nəticəsidir ki, dövlətlərarası münasibətlər müttəfiqlik
səviyyəsinə çatıb.
Söhbət
zamanı spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət
Məclisi arasında da geniş əlaqələrin mövcud olduğunu, parlamentlərimizin həm
ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla
əməkdaşlıq etdiyini qeyd edib.
Görüşdə
Ombudsmanla Milli Məclis arasında sıx əməkdaşlığın mövcud olduğu diqqətə
çatdırılıb. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
ilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu arasında sıx əməkdaşlığın
olması da təqdirəlayiq hal kimi qiymətləndirilib.
Türkiyənin
İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun Azərbaycanın
qazandığı uğurlardan, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən
məmnunluqla danışıb. O, bildirib ki, müasir dövrdə dünyada hökm sürən ikili
standartlar beynəlxalq səviyyədə əməkdaşlığımızı daha da gücləndirməyə və buna
qarşı birgə fəaliyyətimizi artırmağa sövq edir.
Görüşdə
insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi qeyd edilib, bu
sahədə qanunverici orqanların mühüm rolu vurğulanıb.
18:27 29.09.2025
Oxunuş sayı: 1004