Azərbaycan UNESCO-nun konfransında təmsil olunacaq

Azərbaycan UNESCO-nun 2025-ci il 29 sentyabr – 1 oktyabr tarixlərində Barselonada
keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında
(MONDIACULT 2025) təmsil olunacaq.
Crossmedia.az xəbər verir ki, tədbirdə ölkəmizi
mədəniyyət naziri Adil Kərimli başda olmaqla Azərbaycan nümayəndə heyəti təmsil
edəcək.
MONDIACULT 2025 çərçivəsində sentyabrın 28-də Barselonada "Mədəniyyət
əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu"
keçiriləcək. Bu dialoq mədəniyyət sahəsinin qlobal iqlim gündəliyinə
inteqrasiyasını təşviq etməklə, dayanıqlı gələcək naminə yeni yanaşmaların
müzakirəsinə imkan yaradacaq.
MONDIACULT UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən etibarən keçirilən və
dünyada mədəniyyət siyasətləri üzrə ən genişmiqyaslı hökumətlərarası platforma
kimi tanınır. Bu ilki konfrans mədəniyyətin qlobal miqyasda inkişafın əsas
dayaqlarından biri kimi tanınmasını, həmçinin 2030-cu il Dayanıqlı İnkişaf
Gündəliyində mədəniyyətin ayrıca məqsəd kimi təsbit edilməsini hədəfləyir.
Tədbir çərçivəsində "Mədəni hüquqlar", "Rəqəmsal texnologiyalar
və mədəniyyət", "Təhsil və mədəniyyət", "Mədəniyyət
iqtisadiyyatı", "İqlim və mədəniyyət", "İrs, mədəniyyət və
böhran" kimi mövzular müzakirə olunacaq. Konfrans yüzlərlə ölkəni,
beynəlxalq təşkilatları, mədəniyyət sahəsinin ekspertlərini və vətəndaş cəmiyyətini
bir araya gətirərək, qarşılıqlı təcrübə və ideya mübadiləsi üçün unikal qlobal
platforma rolunu oynayacaq.
16:10 28.09.2025
Oxunuş sayı: 1638