Əslən Qarabağdan olan türkiyəli tanınmış şair vəfat edib

Azərbaycan haqqında çoxlu şeirin
müəllifi, əslən Qarabağdan olan Türkiyənin tanınmış yazıçısı və şairi Yavuz
Bülent Bakiler 89 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
"Türk ədəbiyyatının ən nüfuzlu
yazarlarından biri, ziyalı dünyamızın sayılıb-seçilən simalarından biri olan
Yavuz Bülent Bakilerin vəfatını dərin hüznlə öyrəndik. Şeirləri, yazıları,
ideyaları ilə təkcə ədəbi aləmdə deyil, xalqımızın mədəni və ziyalı həyatında
da dərin iz qoymuş Bakilər türk dünyasının yaddaşında əbədi yaşayacaqdır.
Ölkəmizə gətirdiyi dəyərlərə ehtiramla yad edəcəyimiz mərhuma Allahdan rəhmət
diləyir, ailəsinə, əzizlərinə, bütün ədəbi dünyasına başsağlığı veririk",
- məlumatda qeyd olunub.
Türkiyənin keçmiş səhiyyə naziri
Fəxrəddin Koca isə "X" hesabındakı paylaşımında onun Azərbaycan
haqqındakı unudulmaz şeirlərin müəllifi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Y.B.Bakiler "Qarabağ
həsrəti", "Azərbaycan ürəyimdə bir şah damardır",
"Azərbaycan" kimi şeirlərin müəllifidir.
Xatırladaq ki, şairin babaları
Qarabağdan Sivasa köçüb.
15:06 28.09.2025
Oxunuş sayı: 1917