Leyla Əliyeva Sloveniya Prezidentinin həyat yoldaşı ilə görüşüb

Sentyabrın 25-də Nyu-Yorkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qarşı tərəfin müraciəti əsasında Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musar ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə Ales Musar Sloveniya Respublikasının Hökuməti tərəfindən 1998-ci ildə mina qurbanlarına dəstək məqsədilə yaradılmış "İnsan Təhlükəsizliyinin Artırılması" (ITF) adlı humanitar qeyri-kommersiya təşkilatının fəaliyyəti barədə məlumat verdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin üzləşdiyi mina probleminə diqqəti çəkdi. Leyla Əliyeva qeyd etdi ki, minalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesinə ciddi maneə törədir. Buna baxmayaraq, Azərbaycan tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin aparıldığı və mina qurbanlarına dəstəyin göstərildiyi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirildiyi bildirildi.
Söhbət zamanı dünyada su qıtlığı problemi, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı fikir mübadiləsi aparıldı, Sloveniyada keçirilən Bled Su Forumunun əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında bu sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olundu.
21:23 25.09.2025
Oxunuş sayı: 863