Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo
de Souza ilə görüşüb.
Crossmedia.az xəbər verir ki,
Portuqaliya Prezidenti, ilk növbədə, dövlətimizin başçısına Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin
irəli aparılması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Trampın şahidliyi ilə əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini
çatdırdı.
Prezident
İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Vaşinqtonda keçirilmiş Zirvə
toplantısının tarixi əhəmiyyət kəsb etdiyini deyən dövlətimizin başçısı
Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu bildirərək,
ölkəmizin bundan sonra da bölgədə sülhün gücləndirilməsi üçün səylərini davam
etdirəcəyini vurğuladı.
Görüşdə
Azərbaycanla Portuqaliya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının,
siyasi məsləhətləşmələrin davam etdirilməsinin və nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olundu, beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
22:25 24.09.2025
Oxunuş sayı: 899