Firdovsi haqqında bildiklərimiz və bilmədiklərimiz - ARAŞDIRMA

Sovet Hakimiyyəti illərində orta məktəblərin son siniflərinin ədəbiyyat dərsliklərində Şekspir, Firdovsi və Dante dünya ədəbiyyatı olaraq tədris edilirdi. Azərbaycan dərsliklərində, xüsusilə də Firdovsi haqqında geniş məlumat verilirdi. Məktəblilərə Firdovsinin ləyaqətindən, Mahmud Qəznəvidən qorxmamasından, ona həcvlər yazdığından və "Şahnamə"nin yazılması haqqında rəvayətlər də dərslikdə yer almışdı. Orta və yaşlı nəsillərdə Firdovsi haqqında təsəvvürlər məhz o illərdə oxunmuş kitablara əsasən formalaşmışdır.
Təsəvvürə gətirmək olmur ki, ayağını yerə vuranda Hindistanı lərzəyə gətirən Mahmud Qəznəvi Firdovsiyə "Şahnamə" yazmağı sifariş edir və “söz verdiyi qızıl pul əvəzinə ona gümüş pul verir”.
Həqiqətdə isə "Şahnamə" Mahmud Qəznəvinin sifarişi ilə yazılmayıb və əslində, "Şahnamə"ni Firdovsi özü yazmır, onu qədim mətnlərdən tərcümə edir. Bu məsələyə dair müxtəlif fikirlərə müraciət edək. Həkim Əbülqasım Firdovsi Tusi Samanilər imperiyası (940-1020) dövründə dünyaya gəlib. Samanilərin süqutu zamanı onun təxminən iyirmi yaşı olub. O, əsasən Qəznəvilər imperiyası dövründə yaşayıb, yaradıb və vəfat edib.
Mənbələrdə göstərilən “Khwaday Namak” (Khwadāy-Namag) tacik dilindən “duzlu su” kimi tərcümə olunur. Bu sözü Sasanilər dövrünə aid edənlər onu müasir fars dilinə tərcümə edərək “XUDAİNAME” olaraq təqdim edirlər. İngilis dilinə yanlış olaraq “Lordlar kitabı" adı ilə təqdim olunur. Baxmayaraq ki, xuda sözü lord kimi tərcümə oluna bilməz. Kitabı Sasanilər dövrünə aid edirlər. Bu kitab haqqında bir çoxları fərqli fikirlər irəli sürüb və bir qədər sonra da təkzib edilib.
Kitabın ərəb dilinə ilk dəfə Sasanilərin saray sənədlərinə çıxışı olan İbn əl-Müqəffə (ö. 757) tərəfindən tərcümə edildiyi güman edilir. 8-9-cu əsrlərdə bu kitabın ərəb dilinə ən azı yeddi dəfə tərcümə edilməsi ehtimal edilir. Ərəbcə tərcümələrdə kitab “Siyar əl-muluk əl-furs” (Fars şahlarının həyatı) olaraq adlanır. Kitabın özü və onun tərcümələri dövrümüzə qədər gəlib çatmamış, lakin ərəb və fars tarixçiləri üçün İranın İslamdan əvvəlki tarixini təqdim etmək üçün mənbə rolunu oynamışdır. Eləcə də bir çox epizodları Samanilər dövründə yeni fars dilinə tərcümə edilərək “Şahnamə” kimi təqdim edilmişdir.
Hesab olunur ki, kitab ilk dəfə I Xosrov Ənuşirvanın (531–579-cu illər) dövründə yazılmış və sonuncu Sasani Şahanşahı III Yəzdigərdin (632–651) dövründə redaktə edilmişdir. Kitab 957-ci ildə Əbu Mənsur Məmarinin rəhbərliyi altında Samani alimləri tərəfindən (957–958) yeni fars dilinə də tərcümə edilmiş və digər mənbələrdən istifadə edilməklə genişləndirilmişdir, lakin bu versiyanın orijinalının “ön sözünün” yalnız bir hissəsi qorunub saxlanılmışdı. Orta əsr şərq ədəbiyyatının bütün nümayəndələri Firdovsi ədəbi irsi ilə yaxından tanış olduğu halda onun əsərlərinin ilkin mənbəyinin və tam versiyasının qorunub saxlanılması suallar yaradır. Heç şübhəsiz, bu kitabın böyük bir etnosun ədəbi və tarixi irsi olaraq nə orijinalının dilində, nə də ərəb dilinə tərcümə olunmuş çox sayda variantlarından biri, nə də başqa dillərə tərcümələrinin qorunub saxlanılması təsadüfi hal deyil və konkret məqsədlər daşımışdır.
Ə.Firdovsinin ədəbi irsinin akademik səviyyədə öyrənilməsi XX əsrin ortalarına təsadüf edir. İran Pəhləvi rejimi Firdovsinin "Şahnaməsi"ndə ifadə olunan mifologiyadan antik tarixi hekayələr yaratmaq üzərində işləyərkən Sovet İttifaqı alimləri "Şahnamə"nin elmi mətninin və tərcümələrinin hazırlanması üzərində işləməyə başladı. Akademik E. E. Bertels tərəfindən işlənib hazırlanmış, müasir mətnşünaslıq metodlarına əsaslanan “Şahnamə” mətninin qədim əlyazmalardan istifadə etməklə (XIII-XIV əsrlər) ilk elmi nəşri SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu (9 cild, 1960-1971) tərəfindən həyata keçirilmişdir. Bu nəşrin yüksək dəyərini nəzərə alaraq 1971-ci ildə kitab Tehranda yenidən nəşr olundu. Eləcə də “Şahnamə”nin Daşkənd nəşri tam rus dilinə tərcüməsi Lahuti tərəfindən hazırlanmış və 1957-ci ildən başlayaraq 52 min beytdən bir qədər çox olan altı cilddə nəşr edilmişdir. Bu nəşrlər ilə İran nəşrləri arsında ciddi fərqlər mövcuddur.
İran tədqiqatçıları hesab edir ki, İranda Firdovsi yaradıcılığı 100 il əvvəl mütəxəssislərin diqqət mərkəzində olmayıb və bu barədə müxtəlif mifoloji hekayələr daha çox yayılıb. Firdovsini İrançılıq ideyalarının yayıcısı kimi yalnız Rza xanın hakimiyyəti zamanı gündəmə gətirdilər və onu “heykəlləşdirdilər”. Onun məzarını bərpa etdilər, ona abidələr qoyuldu və kitabları böyük tirajla çap edilməyə başlanıldı. Bir müddətdən sonra isə İranın rəsmi qurumları “Şahnamə"dəki hekayələri tarixi hadisə kimi qələmə verməyə başladılar.
"Şahnamə"nin ən qədim əlyazmalarının axtarışı 1940-1960-cı illərə aid edilir. Əsərin məlum olan ən qədim əlyazmaları XIII əsr nüsxələridir. Ən erkənlərdən biri 1217-ci il Florensiya əlyazmasıdır ki, bunlardan da poemanın tənqidi nəşrini hazırlamaq üçün istifadə edilmişdir. Britaniya Muzeyində saxlanılan nüsxədən poemanın Moskva nəşri üzərində işləyəkən istifadə olunub.
Hesab edilir ki, Firdovsi poema üzərində işini 1011-ci ildə tamamlamışdır. Lakin bilavasitə onun dövründə yazılmış əlyazmalar bu günə qədər gəlib çatmamışdır. Monqol istilası və sonradan böyük kitabxanaların dağıdılması bir çox qədim əlyazmaların itirilməsinə səbəb oldu ki, orjinal və avtoqraf nüsxələrinin saxlanılmamasını bununla bağlayırlar. Lakin ərəb dilinə tərcümələrin yox olması bu səbəblərlə izah edilə bilməz. Eləcə də Nizami Gəncəvinin əsərlərinin moğol yürüşləri zamanı kütləvi yandırılması və yox olması haqqında bir məlumat yoxdur. "Şahnamə" nüsxələrinin olmaması və ya yox olmasının səbəblərini fərqli yerdə axtarmaq lazımdır.
Rus tədqiqatçısı Q.V.Nosovski hesab edir ki, X-XII əsr şairləri Firdovsi haqqında öz əsərlərində tərif dolusu fikirlər dediyi halda onun əsərlərinin orijinalı, avtoqrafı və ya onun yaxın reproduksiyası qorunub saxlanılmamışdır. Belə düşünmək olar ki, “Şahnamə”nin XI, XII və hətta XIII əsrlərdəki əlyazmaları çox nadirdir, ona görə də ən qədim mənbələrdən biri, eləcə də onun bioqrafiyası ilə bağlı ən qədim mənbə hesab edilməlidir. Bir tərəfdən şairlər Firdovsi poemasının geniş şöhrətindən danışır, digər tərəfdən isə poemanın tam əlyazmasına deyil, hind şairi Məsud Səd Selmanın “Şahnamə” antologiyasına istinad edirlər. 1276-1277-ci eləcə də 1333-cü ildə yazılmış Leninqrad əlyazması, 1425-1426-cı illərdə yazılmış və elmdə Baysonqurun müqəddiməsi ilə yazılmış “Şahnamə” tədqiqata çəlb edildi. Lakin, Tehrandakı Ə.Firdovsi adına Milli Kitabxananın kolleksiyalarında saxlanılan əlyazmaların kim tərəfindən, hansı mənbələrdən və necə işləndiyi bizə məlum deyil.
16-cı əsrdə, əsasən Baysonqur nüsxələri yayılır və bununla yanaşı, 19-cu əsrdə İranda, Hindistanda və Orta Asiyada müxtəlif cildlərdə olan antologiyalar çap olunur. "Şahnamə" 18-19-cu əsrin əvvəllərində Avropa şərqşünaslarının diqqətini cəlb edir. İlk növbədə ingilislər Hindistanla bağlı olan poemanın fraqmentlərini nəşri etmişdilər. XIX əsrdə "Şahnamə"nin tam mətnini ingilislər çap etdirməyə çalışırlar. Beləliklə, eposun ilk əlyazmalarının 13-14-cü əsrlərə aid edildiyi iddia edilir və tam mətnin 15-ci əsrdə formalaşdığı ehtimal olunur. XVI əsrdən başlayaraq “Şahnamə” motivləri kifayət qədər məşhurlaşır. Onun tam və mətnin akademik öyrənilmiş versiyası XX əsrin ikinci yarısına təsadüf edir.
Deməli, bizə deyilir ki, “Şahnamə”nin istinad etdiyi ilkin tarixi mənbələr “nədənsə” məhv olub. Bəlkə də səbəb XVII-XVIII əsrlərdə qədim İran salnamələri əsasında “Şahnamə”ni yaradan sonrakı redaktorların onları lazımi islahatçı cizgidə yenidən işlətmələridir. Bu metoddan tarixin müxtəlif mərhələlərində istifadə olunduğu məlumdur. Eləcə də Sasanilər dövrünün qorunub saxlanılmış mənbələri əsasən dini mətnlərdir. Ədəbi mətnləri bilərəkdən yox etmək üçün əsaslı səbəblərin olması lazım idi.
Mütəxəssislər “Şahnamə” poemasını gah iranlıların, gah da farsların ədəbi abidəsi olaraq təqdim edirlər. Biz bu terminlərin hər ikisini bir-birinə qarşı qoymadan istifadə edək, lakin, sovet hakimiyyəti illərində o tacik xalqının ədəbi irsi olaraq tədris edilirdi və bu məsələyə də aydınlıq gətirmək vacibdir. Çünki, Samanilər dövründə formalaşan yeni fars dili (dari) Sasanilər dövrü yazılarından təmamailə fərqlənir və bu dillərin qohum olması haqqında diqqəti cəlb edən bir tədqiqat yoxdur.
Hesab edilir ki, Firdovsinin “Şahnamə” əsəri 60 min beytdən ibarət olub. Firdovsinin 30 illik zəhmətinin nəticəsi olan bu əsər dünyanın ən böyük və ən görkəmli dastanlarından biri hesab olunur. Firdovsinin “Şahnamə”si müəllifin özünün də qeyd etdiyi kimi əsasən, ərəb və İran poeziyasında da qəbul edilmiş 60 min beyt – qoşa misradan ibarət olduğu təkid edilir. Ehtimal olunur ki, mətnin bir hissəsi itib, şeirlərdə ayrıca interpolyasiyalar da mövcuddur.
“Şahnamə”dən rus dilinə dəfələrlə fraqmentlər şəklində tərcümə edilmişdisə də C. B. Banu-Lahuti tərəfindən Vullers-Nəfisi nəşri əsasında hazırlanmış və 1957-1989-cu illərdə altı cilddə nəşr edilmiş tam rus tərcüməsi 52.000 beytdən (104.018 misra) ibarətdir.
Firdovsinin "Şahnaməsi"ni Azərbaycan dilinə tanınmış alim Məmməd Mübariz Əlizadə (1911-1994) tərcümə etmişdir. M.Əlizadə ömrünün təqribən 30 ilini bu işə sərf etmiş və 60 min beytlik “Şahnamə”ni orijinalın bəhrində Azərbaycan dilinə çevirdiyi haqqında məlumat verilir. "Şahnamə"nin Azərbaycan dilində nəşrlərinin biblioqrafik təhlili göstərir ki, 60 min beytlik tərcümə çap olunmamışdır və yalnız poemanın müxtəlif epizodları bir cildli kitablar halında işıq üzü görmüşdü. 2004-cü ildə “Şərq-Qərb” nəşriyyatında, Azərbaycan dilində çap olunmuş “Şahnamə” 432 səhifədən ibarət, bir cilddə, 14400 misra və 7200 beytdən ibarət olmuşdu. Eləcə də “Əlhuda” nəşriyyatının çap etdirdiyi iki cildlik “Şahnamə” 10 min beytdən artıq deyil. Göründüyü kimi "Şahnamə"nin 52 min beytlə 60 min beyt arasında bir fərqinin olması müxtəlif nəşrlərdə üzə çıxır.
Parisin Sarbon Universitetinin Azərbaycan əsilli sosialogiya alimi Seyid Zia Ələddin Sədr əl-Əşrəfi Firdovsinin dərin tədqiqatçılarından biridir. O, "Şahnamə"nin Moskva nəşri əsasında ciddi tədqiqatlarının nəticəsində poemanın mətnində mövcud olan çox sayda ziddiyyətli fikirlərin, tarixi faktların manipulyasiyası, cografi adların və ərazilərin yanlış təfsirini üzə çıxarmışdır ki, onlardan yalnız 42 epizodu bu məqalədə təqdim edirik.
1. Firdovsi bir şair olaraq “Xvadaynamaq”ın, özünün təbirincə desək, “Şahlar kitabı”nın tərcüməçisi olmuşdur. Əvvəlcə, onu “Şüubiyyənin” ilk nümayəndələrindən olan və özünün adlarını çəkdiyi Hüseyn Katib, Əli Daylami və Budələf dəstəkləyirdi. Sonralar, onların Sultan Mahmuddan qorxaraq gizləndikləri zaman Firdovsi “Şahnamə”ni Qəznəvilər sarayına aparır və bəzi dəyişikliklərlə Sultan Mahmuda ithaf edir.
2. Bir şair olduğu üçün onun coğrafiya və tarixdən çox az məlumatı var idi - məsələn, Əl-Bursanın Hindistanda yerləşdirildiyini hesab edirdi.
3. Firdovsi sonuncu Sasani padşahı III Yəzdigərdin dövründə İraq və Bağdadın coğrafi yerini təsvir edir. Lakin Qadisiyyə döyüşü (16-19 noyabr 632-ci il) Sasanilərin paytaxtı Ktesifonun süqutuna səbəb oldu və son böyük döyüş 642-ci ildə Nəhavənddə baş verdi. “Şahnamə”də Yəzdəgərd Bağdada yürüş edir?! / Əslində Bağdadın əsası Abbasi xəlifəsi əl-Mənsur tərəfindən (hökmdarlığı 754-775-ci illər), hakimiyyətinin 13-cü ilində (hicri 149 = 767) qoyulmuşdur. Odur ki, Firdovsinin qeyd etdiyi hadisələr uydurmadır.
4. Firdovsi Dəclədən İrana səfər edən Fereydunun yolunu təsvir edərkən coğrafi səhvlərə yol verir.
5. Dünyanın Fereydunun oğulları arasında bölüşdürülməsi zamanı coğrafi istiqamətlər yanlış ifadə olunur, Şərq Qərb hesab edilir.
6. Tur və Səlminın ordularının qarşılaşması hekayəsində coğrafi istiqamətlərdə ziddiyyətlər mövcuddur.
7. Səlmanın və Tur qoşunlarının İrana yürüşü düzgün olmayan və məntiqsiz yollarla göstərilir.
8. Döyüş yerləri İranın həqiqi coğrafiyasına uyğun gəlmir. Məsələm, “Hamun” kimi.
9. Mehrabın Kabildə hökmranlığı və o dövrdə ərəblərin Əfqanıstanda olması tarixi yanlışdır.
10. Samin Mazandarana yürüşü və torpaqların bölgüsü İranın həqiqi coğrafi xəritəsi ilə uyğun gəlmir. Mərhum Naser Pourpirarın yazdığına görə, Firdovsinin “Şahnamə”sində iki Mazandaranın adı çəkilir: birincisi Kəşmir, Hindistan, Pakistan və Çinin bir hissəsi yaxınlığında; ikincisi - Fələstin ətrafında və Ərəbistan yarımadasının böyük bir hissəsi olaraq. (Bax: Dr. Hossein Kariman, "A Study of Shahnameh", National Archives of Iran, 1357 H./1978 CE).
11. Rüstəmin nəhəng quruluşu Sistan və Kabil bölgələrindəki əhalinin demoqrafik vəziyyətinə uyğun gəlmir.
12. Rüstəmin ordusunda minlərlə filin olması faktı, xüsusən də Sistanda su qıtlığının olması ilə mümkün deyil.
13. “Şahnamə”dəki məsafələr və uzunluq ölçüləri şişirdilmiş olaraq ifadə edilir və qeyri-dəqiqdir.
14. Key Kavusun turanlılar və çinlilərin xəbəri olmadan İrandan Turana və Çinə səfəri real deyil.
15. Siyavuş fəzilətli gənc kimi göstərilsə də, qadınları pisləyir və bütün qadınları tənqid edir.
16. Əfrasiyabın sülh naminə Hindistandakı şəhərləri Siyavuşa verməsi həm tarixi və həm də coğrafi baxımdan yanlış təqdim olunub.
17. Siyavuş Turanda tez evlənir. “Şahnamə”dəki kişilərin əksəriyyətinin türk və ya turanlı arvadları var.
18. Rüstəm, Fəramərz və Giv cəmi üç nəfərlə “Pilsam”a qarşı döyüşə gedirlər. Bu, qəhrəmanların ya mərdliyini, ya da qorxaqlığını göstərdiyi məlum olmur.
19. Rüstəm öz ordusu ilə Roma və Talakı (Rusiya ərazisi) məhv edir, lakin məsafə və təsvir olunan mənzərələrin mümkünlüyü çox şişirdilir.
20. Siyavuşun öldürülməsindən sonra Rüstəm min fərsəxlik bölgəni qırğına məruz qoyur. Bu hadisə, ərazi böyüklüyü və əhali sayı baxımından qeyri-mümkündür.
21. Firdovsi əsərində qadınları natəmiz hesab edir və arzulayır ki, onlar heç doğulmasaydılar.
22. “Təkcə Giv, heç kim ona mane olmadan min döyüşçünü öldürür” - "Şahnamə"dəki bu kimi irrasional şişirtmə səhnələri çoxdur.
23. Rudaki anadangəlmə kor olduğu halda Ceyhun (Amudəryanı) çayını düzgün tanıyırdı, lakin Firdovsi bunu “dərin dəniz” adlandırır. Bu, açıq-aydın coğrafi xətadır.
24. Ərdəbil və Bəhmən-dej Əhrimanın yurdu kimi təqdim olunur, lakin Key Xosrov orada atəşpərəstlik edir. Bu təsvir həm dini və həm də coğrafi ziddiyyət təşkil edir.
25. Xarakterlər unutqanlıqdan və ya alzheimerdən əziyyət çəkirlər. Rüstəm və Hüman bir-birini tanımır. Zaman və məkan uyğunsuzluğu görsənir.
26. Bizhan və Hüman tərcüməçi vasitəsilə danışırlar, lakin sonda yardımsız bir-birlərinin dilini başa düşürlər – Burada müharibə və ünsiyyət məntiqində ziddiyyət qarşıya çıxır.
27. Qum fırtınası Turan ordusunu tamamilə məhv edir, lakin İran ordusunu zərər vurmur. Möcüzə yaratmaq və təbii hadisələr şişirdilir.
28. Əfrasiyab uzaq Çindən və Tarumdan əmr edir. Bu rabitə və coğrafiya baxımından qeyri-mümkün olan bir mənzərədir.
29. İran orduları qəribə bir küləyin köməyi ilə Turanla Çin arasındakı dənizi yeddi ayda keçir. Reallıqda isə belə bir dəniz yoxdur. Bu səhnə şairin təxəyyülüdür.
30. "Şahnamə"də qohumluq nikahları ifadə olunur. Məsələn, Homayın Şehrzadın atası Bəhmənlə evlənməsi səhnəsi. Bu cür nikahlar o cümlədən zərdüştilik dinində dəstəklənən, kasta sistemini qorumaq və İslamdan əvvəlki İran mədəniyyətini əks etdirmək üçün nümunədir.
31. Dariuş (Dāra) yaralanır və İskəndər ona həkim gətirir. Bu, o dövrdə sistemli tibbi strukturun olmadığı bir dövrdür.
32. Roksanın İsgəndərlə evliliyi və sonra ananın uşağa ad seçməsi feminist ideyaların ifadəsidir. İsgəndər də onun ögey dayısıdır (eyni ata, başqa ana).
33. Firdovsinin təxəyyülündə savadlı, lakin işsiz filosoflar məhəbbət elçisi olaraq və ya ovçu kimi çıxış etməyə məcburdurlar.
34. Firdovsi Romalıların dini inancları ilə bağlı tarixi səhvlərə yol verir və onları yəhudi kimi göstərir.
35. Qədim İranda idarəçiliyin zəif olduğuna görə o asanlıqla fəth edilir.
36. İsgəndər eramızdan əsrlər əvvəl yaşadığı halda Məsihin dininə and içir.
37. Firdovsinin oxuduğu altı min illik kitabda guya min illər sonra baş verən hadisələrdən bəhs edilir - bu, möcüzə iddiası və ya Firdovsinin bilgi məhdudiyyətidir. Qeyd edək ki, şumerlərin piktoqramları və ideoqramları təxminən 5300 il əvvələ aid edilir. O zaman Firdovsinin oxuduğu altı min illik kitab harada yazılmışdır və Şumerlər haqqında Şahnamədə məlumat olmadığı üçün bu kitab hansı mədəniyyətə aiddir?
38. "I Yəzdəgerd dəniz atı tərəfindən öldürüldü” – Bu mövhumatların və qəribə nağılların ifadəsidir.
39. “İranda romalıların və farsların iştirakı ilə Bəhram Gur üçün səsvermə keçirilir.” Bu kralların seçilməsi ilə bağlı yumoristik bir mənzərədir. “Qədim seçkilər”.
40. Bəhramın Hindistan padşahının qızı ilə dənizi keçərək İrana qaçması səhnəsi. Qədim padşahların məntiqsiz marşrutlarla səyahətlərini göstərir. Bəlkə bu Troya hekayəsinin başqa bir təqdimatıdır. Bu özlüyündə uzun mövzudur.
41. Qubad adlı bir Sasani Əhvazdan Parsa qədər şəhərlər və xəstəxanalar tikir - zamanla şəhər yerlərinin dəyişməsi və "Şahnamə"dəki tarixi mənbələrin tənqidi qiymətləndirilməsi vacibdir.
42. Şiruyə hekayətindəki namaz vaxtları əvvəlki məlumatlarla ziddiyyət təşkil edir - Firdovsinin coğrafi səhvləri kimi tarixi səhvlərini göstərir və ayrıca bir təhlil tələb edir.
Ömrünün sonunda Firdovsi “Şahnamə”ni yazmaqdan peşman olur, Quranda olan “Yusif və Züleyxa” surəsinə poema yazmağa başlayır. Həmin əsərin girişində o, cənab Purpirarın istinad etdiyi kimi, "Şahnaməni" və şahlar haqqında yazdığı hekayələri tənqid edir.
Göründüyü kimi, Firdovsi şəxsiyyəti və onun ədəbi mirası müxtəlif dövlətlər tərəfindən irançılıq tərəfdarlarının daxili milli siyasəti üçün bir alətə çevrilmişdir. Bu işə İran Pəhləvi rejimi başlamış və İran İslam Respublikası da davam etdirərək yeni, milli-islam dövləti siyasətinə uyğunlaşdırmışdır.
Əsərin tam əlyazması və yarımçıq əlyazmaları haqqında da konkret mövqe yoxdur. Çünki, müxtəlif dövrlərdə və fərqli müəlliflər tərəfindən əsərə edilmiş əlavələr hələ də tam üzə çıxarılmamışdır. Gəncliyində dünyasını dəyişən və əsərini tamamlamağa fürsəti olmamış Dəqiqinin yazdığı min beytı Firdovsi öz “sələfi” olaraq "Şahnamə"yə daxil etmişdir. Daha hansı parçalar poemaya daxil edilmişdir? "Şahnamə"nin stilistik təhlili aparılmamış və mətnin hansı hissələrinin kimə məxsus olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil.
Bu ədəbi əsərdə Firdovsi bildiyi tarixin ən qədim dövrlərindən 4 səltənət sülaləsini əhatə edir: Pişdadi, Kianiyan, Parfiya və Sasanilər sülaləsində İranın mif, dastan və tarixindən bəhs edir. Pişdadilər və Kianiyan sülaləsinin mifolojı bir səltənət olması hesab edilir. Belə ki, bu sülalərin konkret hansı tarixi mərhələdə və harada hakimiyyətdə olmaları məlum deyil. Parfiyalılar Şahnamədə əsasən turanlıları ifadə etməli idi. Çünki, Parfiya dövlətinin qədim sak tayfaları tərəfindən qurulduğu məlumdur. Eləcə də Firdovsinin Herodotun tarix kitabından xəbəri olmadığı faktı qarşıya çıxır. Çünki, Firdovsi Herodotun əsərlərini oxumuş olsaydı Həxamənişilər hökmdarlarını da öz əsərinə mütləq daxil edərdi.
"Şahnamə"nin müəllifi olaraq Firdovsi məlumdur ki, farsdilli ədəbiyyatın inkişafında müstəsna rol oynayıb. Lakin, bu onu fars etmir. Robinqranat Taqor da ingilis dilində qiymətli əsərlər yazıb və bununla da ingilis olmayıb. Firdovsinin milli mənsubiyyəti, dini baxışları haqqında birmənalı mövqeyin olmaması bu şairi siyasi məqsədlərə, etno-mədəni konfliktlərə mənzəmə olmasına səbəb olur.
Məlumdur ki, "Şahnamə" qədim mətnlətdən tərcümə ilə yanaşı, eyni zamanda da Firdovsinin şəxsi yaradıcılığının məhsuludur. "Şahnamə"də etnoslara, xalqıara və insanlara “sosial darvinizm” yanaşması haradan irəli gəlir, bu qədim mətnlərdə mövcud olan steriotiplər idi yoxsa Firdovsinin şəxsi baxışları idi? Eləcə də qadına münasibət, insanlara təbəqati olaraq baxışlar, bəzi hallarda “rasist” yanaşmalar onun istifadə etdiyi mənbələrdən irəli gəlir, yoxsa onun şəxsi dünya görüşü olaraq əsərlərində əks olunurdu? Bu sualların da bir mənalı cavabı yoxdur.
Pərviz Kazimi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
19:34 24.09.2025
Oxunuş sayı: 7575
