Bakıdakı erməni cinayətkarları Paşinyanın məhkəməyə gətirilməsini tələb edir: Bu o deməkdir ki...- Sensasiya

Sentyabrın
22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham
olunduğu cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər vəsatətlərlə
çıxış ediblər.
Təqsirləndirilən
David Manukyan söz alaraq Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu
Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində
çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını məhkəmədən
xahiş edib.
Təqsirləndirilən
şəxs David Babayan "ATƏT-in Minsk qrupunun həmsədrləri"nin, xüsusilə
də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib.
"O
adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar",
- deyə o əlavə edib.
Məhkəmə
iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması
haqqında qərar qəbul edib.
Qərarı
əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı
halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən
halları göstərməyib.
Qeyd
edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə
cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin
hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını
pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ
keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən
Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Məsələ
ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki,
burada siyasi amilin rolu böyükdür:
"
Çox güman ki, məsələ Paşinyanla sülh müqaviləsinin bağlanmasına yönələcək. Ermənistanın
siyasi elitasında başqa bir şəxs görünmür ki, bu yaxın vaxtlarda hakimiyyətə gələ
bilsin və Azərbaycanla sülh müqaviləsi bağlasın. Digər tərəfdən, Rusiya ilə də
müəyyən münasibətlərimiz var və siyasi amilin durumunu nəzərə alaraq, ciddi məsələlərin,
eyni zamanda ikitərəfli münasibətlərə təsir edə bilən amilin mövcudluğunu nəzərə
alaraq, hazırda bu addımı atmaq zəruri görünmür. Hər iki tərəfdə, həm Ermənistan,
həm də Rusiya timsalında siyasi amilin böyük rolu var və ikitərəfli münasibətlərə
ciddi təsir göstərir. Ona görə də, prosesi mürəkkəbləşdirməmək və bu prosesə
geosiyasi don geyindirməmək üçün bu cür qərarın qəbul olunması vacibdir".
Mehriban
Yariyeva
22:24 23.09.2025
Oxunuş sayı: 972