Dövlətlərarası əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi Azərbaycanın əsas prioritetidir- Deputat

Müasir beynəlxalq
münasibətlər sistemində dövlətlər arasında əməkdaşlıq və qarşılıqlı etimadın
möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası da müstəqillik
qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın
inkişafını prioritet istiqamət kimi qəbul edib.
Prezident İlham
Əliyevin “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların
və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik
orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfrans
iştirakçılarına ünvanladığı müraciət bu siyasətin bariz nümunəsidir. Dövlət
başçısı qeyd edib ki, Azərbaycanın əsas hədəfi regionda qarşılıqlı inama, təhlükəsizliyə
və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatı yaratmaqdır. Bu yanaşma yalnız
ölkəmizin milli maraqlarına deyil, həm də qonşu dövlətlər arasında tərəfdaşlığın
möhkəmlənməsinə xidmət edir.
Milli Məclisin
deputatı Rəşad Mahmudov dövlət başçısının səsləndirdiyi fikirlər barədə
Crossmedia.az-a açıqlama verib.
O, bildirib ki,
Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin
prioritet istiqamətlərindən biridir: “Son illərdə ölkəmizin təşəbbüsü ilə
formalaşan yeni əməkdaşlıq formatları artıq öz real nəticələrini göstərməyə
başlayıb. Bu təşəbbüslər təkcə siyasi dialoqla məhdudlaşmır, həm də nəqliyyat,
enerji, iqtisadi və humanitar sahələrdə geniş inteqrasiya imkanları yaradır”.
Millət vəkilinin
sözlərinə görə, regional nəqliyyat və logistika dəhlizlərinin – xüsusən Zəngəzur
dəhlizinin – inkişafı ölkələr arasında qarşılıqlı iqtisadi asılılığı artıraraq
gərginliklərin yumşalmasına və uzunmüddətli sabitliyin təmin olunmasına şərait
yaradır: “Enerji sahəsində Azərbaycanın həm ənənəvi resurslarda, həm də bərpa
olunan enerji layihələrində lider mövqeyi qonşu dövlətlər üçün etibarlı tərəfdaşlıq
imkanlarını genişləndirir. Bu əməkdaşlıq iqtisadi maraqların üst-üstə düşməsi
sayəsində siyasi münasibətləri də daha sabit və konstruktiv edir”.
Deputat əlavə edib ki, mədəniyyət, təhsil və səhiyyə sahələrində həyata keçirilən mübadilələr xalqlar arasında etimadın bərqərar olmasına mühüm töhfə verir:
“Bu isə uzunmüddətli
sabitliyin və mehriban qonşuluğun ən güclü dayaqlarından biridir. Azərbaycanın
irəli sürdüyü təşəbbüslər regionun geosiyasi çəkisini artırır, qonşu ölkələrlə
münasibətləri möhkəmləndirir və beynəlxalq investorların diqqətini Cənubi
Qafqaza yönəldir. Əsas məsələ bu formatların davamlılığı və nəticələrinin təmin
edilməsidir. Bu isə yalnız qarşılıqlı hörmət və suverenlik prinsiplərinə
sadiqliklə mümkün olacaq”.
Mehriban
Yariyeva
21:25 22.09.2025
Oxunuş sayı: 1440