Bakıda İƏT Əmək Mərkəzinin toplantısı keçiriləcək – mühüm qərarlar gözlənilir

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda keçiriləcək tədbirlər təşkilatın əmək və sosial müdafiə sahəsində əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 23–24 sentyabr tarixlərində baş tutacaq iclaslarda İƏT Əmək Mərkəzinin İcraiyyə Şurasının toplantısı və Baş Assembleyanın 2-ci sessiyasına hazırlıq görüşü keçiriləcək. Tədbirlər çərçivəsində mühüm qətnamələrin müzakirəsi və qəbulu ilə yanaşı, yüksək səviyyəli dəyirmi masa da təşkil olunacaq. 2023-cü ildə Bakıda təsis edilən İƏT Əmək Mərkəzi təşkilatın ən gənc institutu kimi üzv ölkələr arasında əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi və məşğulluq imkanlarının artırılması sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Kərimli bildirib ki, yaxın günlərdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası və yüksəkvəzifəli rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assambleyasının 2-ci sessiyasına hazırlıq iclası olacaq.
Deputat qeyd edib ki, sentyabrın 23-24-də keçiriləcək tədbirlər təşkilatın fəaliyyəti ilə bağlı mühüm qətnamələrin müzakirəsi və qəbulu məqsədini daşıyır:
“Düşünürəm ki, Azərbaycan bu tədbirdə regional tranzit və nəqliyyat dəhlizlərinin təşviqi, investisiya fondlarının yaradılması, enerji keçidi və bərpa olunan enerji layihələrinin ortaq modellərinin tətbiqi, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sektorunda əməkdaşlıq və digər təşəbbüslər irəli sürə bilər”.
A. Kərimlinin sözlərinə görə, İƏT formatının əvvəlki qərarlarını nəzərdən keçirdikdə, İƏT İcraiyyə Şurası və Baş Assambleyanın sessiyaları çərçivəsində qəbul edilə biləcək qətnamələrin Azərbaycana sosial-iqtisadi faydaları da kifayət qədər əhəmiyyətlidir:
“Bu faydaları ixracın artırılması, regional nəqliyyat koridorlarının inkişafı və logistik şəbəkələrin gücləndirilməsi, enerji ixrac imkanlarının genişləndirilməsi, investisiyaların təşviqi və qorunması haqqında sazişlərin gücləndirilməsi kimi istiqamətlərdə ehtimal etmək olar”.
Mehriban Yariyeva
10:05 21.09.2025
Oxunuş sayı: 1449