Dövlətimizin üçrəngli bayraqları qürurla suveren ərazilərimizdə dalğalanır

Bu gün Azərbaycanda Suverenlik Günü qeyd olunur. 20 sentyabr ölkəmizin dövlətçilik tarixində mühüm günlərdən biridir. Bu tarix Azərbaycan xalqının öz müstəqilliyini təsdiqləməsi və suveren dövlət quruculuğu yolunda atdığı qətiyyətli addımı simvolizə edir. Günü qeyd etməklə xalqımız azadlıq uğrunda mübarizəsini və dövlətçilik ənənələrinə sədaqətini bir daha nümayiş etdirir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-a açıqlama verib.
Deputat, suverenliyin bərpasından sonra ərazilərimizdə erməni separatizminin kökünün kəsildiyini bildirib:
“20 Sentyabr – Dövlət Suverenliyi Günümüz Mübarək Olsun!
Qürurvericidir ki, Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələri çağdaş dövlətimizin qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin və onun müqəddəs siyasətinin ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə imzası ilə yazılmış və yazılmaqda davam edir.
Sözsüz ki, Azərbaycanın çoxəsrlik və şərəfli dövlətçilik tarixi var. Amma çox təəssüf ki, zaman-zaman mövcud olmuş dövlətlərimiz xarici güclər, imperialist qüvvələr qarşısında duruş gətirə bilməyib və süquta uğrayıblar. Bunun da əsas səbəbi o dövlətləri idarə edənlərin mövcud şəraiti və geosiyasi prosesləri düzgün dəyərləndirə bilməməsi olmuşdur. Bir sıra hallarda isə bölgə və qonşu dövlətlərlə diplomatik əlaqələri düzgün qura bilməmişlər. Hətta bəzən isə dost ölkələrlə düşmənçilik səviyyəsinə gəlib çatmışlar.
Bu mənada istər 44 günlük Vətən müharibəsinə qədər, istərsə də 2-ci Qarabağ müharibəsindən bugünədək yeni tariximizin səhifələrini vərəqləsək, bu iki qüdrətli şəxsiyyətin imzası ilə həm dövlətimizin, həm də xalqımızın taleyində həyata keçirilmiş yüzlərlə möhtəşəm və uğurlu layihələrin şahidi olarıq.
Bu bir gerçəklikdir ki, xalqımız 2-ci dəfə 1991-ci ildə öz müstəqilliyinə qovuşsa da, ərazisinin 20 faizi işğal olunmuş və suverenliyi pozulmuşdur. Dünyada həm ərazi bütövlüyü, həm də suverenliyi pozulmuş belə acınacaqlı durumda çox nadir dövlətə rast gəlmək olar.
Beləliklə, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra, daha doğrusu, müharibənin məntiqi davamı kimi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.
Dəqiq desək, 2-ci Qarabağ savaşında zəfər qazanmış Müzəffər Ali Baş Komandanımız möhtərəm İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror əməliyyatı təkcə Azərbaycanda deyil, həm də regionda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət edirdi. Bir gündən az müddətdə yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatı ölkəmizin gücünün, şanlı Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarixin səhifələrinə yazıldı.
O tarixi missiyanın uğurla yerinə yetirilməsindən, dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən antiterror əməliyyatının başa çatmasından iki il ötür.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmış və 23 saat davam edərək, sentyabrın 20-də başa çatmışdır”.
M.İbrahimqızı həmçinin qeyd edib ki, Azərbaycan xalqı artıq ikinci ildir ki, alnı açıq, üzü ağ və qürurla 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tükənməz sevinci ilə yaşayır.
“Fəxarət hissi ilə deməliyik ki, bu uğurlu əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Bununla da, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən bu şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Xalqımızın daim etimad göstərdiyi, güvəndiyi və etibar etdiyi Müzəffər və Yenilməz Lideri cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Dövlətimizin üçrəngli bayraqları qürurla suveren ərazilərimizdə dalğalanır.”
Bildiyimiz kimi, 44 günlük haqq savaşında imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində mövcud olan 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri tamamilə tərksilah edildi. Bu gün qondarma rejimin rəhbərliyi və əsas cinayətkarlar törətdikləri müharibə cinayətlərinə görə qanun qarşısında cavab verirlər.
Beləliklə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi dövləti, vətəni və xalqı üçün bir neçə əsrlik dünya erməniliyini diz üstə çökdürərək, həlli mümkünsüz görünən problemi kökündən həll etdi. Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü tam təmin edildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Azərbaycan ərazisində separatizmin kökü kəsildi.” 2023-cü il 19–20 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan xalqının əyilməz ruhunu bir daha təsdiq etdi, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına misilsiz töhfələr verdi.
Minnətdarlıqla deməliyik ki, ən yeni tariximizin parlaq səhifələri olan bu möhtəşəm uğurların müəllifi də Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
Azərbaycan xalqı artıq ikinci ildir ki, alnı açıq, üzü ağ və qürurla 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tükənməz sevinci ilə tarixin təntənəli mərhələsində yaşayır.
Son olaraq, Azərbaycan Respublikasının suverenliyinin bərpasında hər cür qəhrəmanlıq və şücaət göstərmiş Azərbaycanın şərəfli və rəşadətli Milli Ordusuna, Müzəffər Ali Baş Komandana sonsuz təşəkkür edirik. Bu günü yaşadanlara dünya var olduqca minnətdarıq və borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin!
20 Sentyabr – Dövlət Suverenliyi Günümüz əbədi və mübarək olsun!”
Nicat Rüstəmzadə
18:41 20.09.2025
Oxunuş sayı: 1107