Şuşa türk və islam dünyasının mədəniyyət simvolu kimi mühüm yer tutur - Deputat

Şuşa son illərdə Azərbaycanın yeni diplomatik mərkəzi kimi formalaşmaqdadır. Burada yüksək səviyyəli protokol tədbirlərinin təşkili, beynəlxalq görüşlərin keçirilməsi və dövlət başçılarının səfərləri şəhərin həm siyasi, həm də mədəni əhəmiyyətini artırır. Türk dünyasının ortaq diplomatik və mənəvi məkanı kimi qəbul edilən Şuşa, Azərbaycanın siyasi mədəniyyətini tarixi kökləri üzərində inkişaf etdirdiyini göstərir.
Şuşanın diplomatik mərkəzə çevrilməsi həm Azərbaycanın qlobal mövqeyini gücləndirir, həm də Qarabağın strateji və mədəni rolunu ön plana çıxarır. Bu addım ölkəmizin diplomatiyada özünəməxsus üslub formalaşdırdığını nümayiş etdirir. Şuşada keçirilən yüksək səviyyəli tədbirlər isə regionda yeni siyasi reallığın rəmzinə çevrilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlama verib.
Deputat, Şuşanın artıq beynəlxalq əhəmiyyət kəsb edən diplomatik şəhərə çevrildiyini bildirib:
“44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirildi, bu torpaqlara həyat geri qayıtdı.
Şuşa şəhəri tarixən bizim üçün mühüm strateji məkan olub. Onun azad olunması ilə Zəfərimiz tamamlandı. Bu gün qürurvericidir ki, işğaldan azad edilən şəhərlər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Xüsusilə Şuşa diplomatik münasibətlər baxımından yeni ünvan kimi seçilir.
Mədəniyyətin beşiyi olan Şuşa – Bülbüllərin, Natavanların, Üzeyir Hacıbəyov kimi böyük bəstəkarların yurdu olub. Şəhər həmçinin türk və islam dünyasının mədəniyyət simvolu kimi tanınır. 2022-ci il ölkəmizdə “Şuşa ili” elan edilib, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı isə bu şəhəri 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçib. Həmin il Şuşada Türk dövlətlərinin ilk mədəni irs forumu keçirildi.
O əlavə edib ki, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında qəbul edilən qərara əsasən, Şuşa 2024-cü ildə islam dünyasının mədəniyyət paytaxtı elan edildi və burada bir sıra tədbirlər təşkil olundu: "Şuşa Qlobal Media Forumu isə bu il 3-cü dəfə baş tutaraq dünyanın 50-dən çox ölkəsindən jurnalistləri qəbul etdi və bununla da şəhər beynəlxalq mediada geniş işıqlandırıldı.
Eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclasında Şuşa, İƏT-in 2026-cı il turizm paytaxtı seçildi.
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında iki qardaş dövləti birləşdirən müttəfiqlik bəyannaməsinin məhz Şuşada imzalanması isə tarixi “Şuşa Bəyannaməsi” kimi yadda qaldı.
2024-cü ildə Türk Dövlətləri Təşkilatına üzv ölkə başçılarının qeyri-rəsmi zirvə görüşünə də Şuşa ev sahibliyi edərək, türk dövlətləri üçün strateji məkana çevrildi. Buradakı infrastruktur layihələrinin bir qismi də türk dünyasının dəstəyi ilə həyata keçirildi.
Bir neçə gün öncə isə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısını Şuşada qarşıladı.
Beləliklə, Şuşa artıq beynəlxalq əhəmiyyət daşıyan diplomatik şəhər kimi mövqeyini möhkəmləndirib”.
Nicat Rüstəmzadə
14:25 20.09.2025
Oxunuş sayı: 1243