İlham Əliyev Cənubi Qafqazın Zəfər salnaməsini tarixə qızıl hərflərlə həkk edir - Deputat

1990-cı illərdən başlayaraq Ermənistan və havadarlarının bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanın suveren hüquqlarını pozmuşdu. 30 ilə yaxın bir müddət dünya bu məsələyə susdu, görmək və eşitmək istəmədi. Lakin Azərbaycan artıq ədaləti bərpa edəcək, hüquqlarını ən yüksək səviyyədə qoruya biləcək gücə malik idi. Ermənistanın atəşkəsi pozması, təhdidlərinə cavab lazım idi. Beləliklə keçirilən əks-hücum əməliyyaı, anti-terror tədbiri və nəhayət Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əldə edilən suverenliyimizin bərpası ermənilərə indiyə qədər verilmiş ən tutarlı cavab oldu.
Milli Məclisin deputatı Azər Badamov suverenliyimizin bərpası ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: “Sentyabrın 20-i nəinki Azərbaycan tarixində, bütövlükdə dünyanın siyasi tarixində əlamətdar bir təqvim günüdür deyə düşünürəm. Ona görə ki, dünyanın müxtəlif regionlarında hökm sürən, əslində isə böyük dövlətlərin ssenarisi üzrə bilərəkdən qurulan separatçılığın bir qolunun məhv edildiyi gündür. Azərbaycanın Zəfər salnaməsi haqlı olaraq məhz buna görə digər dövlətlərin və xalqların yoluna işıq tutur. Cənab Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində sakinlərlə görüşdə bildirdi ki, “2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək”. Noyabrın 10-u tarixində imzalanan sənəd qələbəmizin təsdiqi olsa da istər daxili, istərsə də xarici siyasətdə bu Zəfərə xor baxanlar da az deyildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev isə bizi gözü götürməyən hər kəsin cavabını verməyi bacardı. Hər zaman olduğu kimi bu dəfə də yürütdüyü mükəmməl siyasət, icra etdiyi uzaqgörən diplomatiya ilə”.
Deputat zəfərimizdən sonra bölgədəki yaranmış geosiyasi vəziyyətdən danışıb: “Zəfərimizdən sonra Ermənistan və ona havadarlıq edən qüvvələrin ağlı hələ də başına gəlmirdi. Onlar yaranmış reallığı dəyişmək, bölgəyə dünya siyasətində ilişib-qalmış problemləri sirayət etdirmək istəyirdilər. Bununla da Cənubi Qafqazı yenidən qan gölünə, bütövlükdə bölgəmizi öz kirli oyunlarının meydançasına çevirmək niyyəti güdürdülər. Azərbaycanın dövlət başçısı isə atdığı addımları sadəcə milli maraqlar prizmasından hesablamırdı, bütövlükdə bölgə xalqlarının acı tale yaşamasına imkan vermirdi. Bəli, məhz elə bu addımların nəticəsidir ki, cənab Prezident İlham Əliyev dünya liderləri tərəfindən görkəmli siyasətçi kimi qəbul olunur. Dövlət başçımız ünvanına səsləndirilən bütün müsbət fikirlərin hər birinə layiq insandır. Dövlət başçımıza döyüş meydanlarının Müzəffər Ali Baş Komandanı statusunu məhz xalqımız layiq bildi. O xalq ki, dünya səviyyəli siyasətçi Heydər Əliyevi özünün Ümummilli Lideri bildi. Bəli, məhz Ümummilli Liderimiz Heydər Əliyevin varisi Cənubi Qafqazın səmasından qara buludları qovmağı bacardı”.
A.Badamov Ali Baş Komandanımızın zəfərdəki imzasından danışıb: “Dövlət başçımız ən son bir daha bildirdi ki, biz heç vaxt müharibə istəməmişik və 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparılmışdır. Danışıqları bilərəkdən dalana dirəyən qüvvələr bizə diktə edirdilər ki, münaqişənin hərbi həll variantı mövcud deyil. Azərbaycan Lideri isə göstərdi ki, mövcuddur. Müzəffər Liderimizin də bildirdiyi kimi antiterror əməliyyatı hamıya dərs oldu. Bu gün isə Azərbaycan Liderinin ətrafında ətdən sipər hörən xalqımız Qarabağı yenidən qurur, yaradır, dirçəldir. Nə xoşbəxt xalqıq ki, sağalmaz yaramız olan Xocalı yarası sağalır. Xocalı yenidən qurulur, abadlaşır, gözəlləşir. Qələbəmizin bir müəllifi var. O da gecəsini gündüzünə qataraq ölkəmizi bütöv edən, xalqımızı dünyaya ləyaqətli xalq kimi tanıdan, Ümummilli Liderimizin inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevdir. Dövlət başçımız heç bir şəhidimizin qanını yerdə qoymadı. Həm də elə bir mükəmməl diplomatiya yürütdü ki, torpaqlarımızın bir qismi bir güllə atılmadan, bir əsgərimizin burnu belə qanamadan alındı. Bu diplomatiya ümumbəşəri diplomatiyadır. Ona görə ki, heç bir tərəf qan tökmədi. Ermənistan tərəfi nəinki bunu anlamalı, tarix boyu bizə minnətdar olmalıdır. İstər suverenliyimizin bərpası günü, istər anti-terrot əməliyyatı tədbirlərinin ildönümü də daxil olmaqla Cənubi Qafqazın Zəfər salnaməsini tarixə qızıl hərflərlə həkk edən Azərbaycan xalqının layiqli təmsilçisi cənab İlham Əliyevdir”.
Ayhan
16:32 19.09.2025
Oxunuş sayı: 3308