Suverenlik hər bir dövlətin, xalqın tarixində önəmli bir haldır – Deputat

Qarşıdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü gəlir. Suverenlik hər bir xalqın taleyində mühüm rol oynayan, onun azadlıq və müstəqillik yolunda əldə etdiyi tarixi uğurları simvolizə edən dəyərdir. Suveren dövlət öz daxili və xarici siyasətini sərbəst şəkildə həyata keçirə bilən, qanunlarına və beynəlxalq hüquqa hörmət edən dövlətdir.
Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün göstərdiyi tarixi səylər bu günümüzün ən böyük nailiyyətlərindən biridir. Bu əlamətdar gün həm xalqımızın azadlıq yolunda keçdiyi yolu xatırladır, həm də gələcək nəsillərə suveren dövlətimizin davamlı inkişafı üçün ilham verir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Elşad Musayev süverenliyin hər bir xalqın tarixində çox önəmli bir hadisə olduğunu qeyd edib:
"Bildiyiniz kimi, qarşıdan 20 Sentyabr – Dövlət Süverenlik Günü gəlir. Süveren dövlət o dövlətdir ki, öz daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirə bilir, idarəetmə sistemini formalaşdıra bilir və qanunvericiliyinə uyğun olaraq ölkəni idarə edə bilir. Eyni zamanda, belə dövlət beynəlxalq hüquqa da riayət edir. Bu xüsusiyyətləri ilə bu ölkələr həqiqətən süveren dövlətlərdir.
Ərazi bütövlüyünü qorumaq da süverenliyin vacib şərtlərindəndir. 2020-ci ildə Azərbaycan 1990-cı illərdən bəri işğal altında olan ərazilərini azad etdi. Bu əməliyyat nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini böyük ölçüdə bərpa etdi. Bu, Azərbaycan xalqının tarixində önəmli bir hadisədir.
Bundan sonra Azərbaycan sürətlə inkişaf etməyə başladı. Xarici siyasətdə ciddi sınaqlar və təzyiqlər olsa da, dövlət olaraq biz bu çağırışların öhdəsindən gəldik. Nəticədə ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında mühüm razılaşmalar əldə olundu."
Deputat həmçinin gələcəkdə əsas məqsədin dövlətimizi daha da gücləndirmək və suverenliyimizi möhkəmləndirmək olduğunu bildirib:
"Gələcəkdə məqsədimiz dövlətimizi daha da gücləndirmək, suverenliyimizi möhkəmləndirməkdir. Bununla xalqımız daha yaxşı yaşayacaq, gənclərimiz isə öz həyatlarını və gələcəklərini sərbəst şəkildə qura biləcəklər. Azərbaycanın yeni nəsli ölkəmizin gələcəyini layiqincə davam etdirəcək.
Süverenliyin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün əhəmiyyəti böyükdür" – deyə o bildirib.
Elmir
18:05 17.09.2025
Oxunuş sayı: 888