BƏƏ Prezidentindən Cənubi Qafqazla bağlı mühüm mesaj: Sülh müqavilə imzalansa

Son illərdə Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik məsələləri beynəlxalq gündəmin əsas mövzularından biridir. Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişədən sonra regionda stabilliyin bərqərar olması, həm iqtisadi, həm də sosial inkişaf üçün həyati əhəmiyyət kəsb edir.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı regionda sülh və əmin-amanlığın təmin olunmasına dəstək verməyə hazır olduqlarını bildirib. O, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunmuş nailiyyətlərin davamını səbirsizliklə gözlədiklərini vurğulayıb.
Mövzu barədə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Crossmedia.az-a danışıb: “Şuşa bu gün təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasətin diqqət mərkəzinə çevrilib. BƏƏ Prezidenti Şeyx Mohammed bin Zayed Al Nahyanın səsləndirdiyi bəyanat region üçün mühüm siqnal oldu. Açıq şəkildə bildirdi ki, sülh prosesinin davamını səbirsizliklə gözləyir və regionda sülhün bərqərar olması üçün dəstək verməyə hazırdır".
Deputat əlavə edib ki, bu mövqe yalnız diplomatik jest deyil, Cənubi Qafqazın gələcəyinə real təsir göstərə biləcək strateji yanaşmadır: “BƏƏ dünyanın nüfuzlu və etibarlı tərəfdaş ölkələrindən biridir. Onun sülh prosesinə dəstəyi Bakının mövqeyinə beynəlxalq legitimlik qazandırır. Bu həm də Ermənistan üçün açıq mesajdır: regionda yeni reallıqlar qəbul olunub və Azərbaycan suveren mövqedədir".
E.Akimova vurğulayıb ki, BƏƏ-nin Qarabağın bərpası və inkişafına sərmayəsi, xüsusilə Şuşada turizm, enerji və infrastruktur sahələrinə marağı, sülhün davamlılığına praktiki töhfə verə bilər: “İqtisadi maraqlar formalaşdıqca münaqişənin yenidən alovlanması riski azalır, çünki region sabitlikdən qazanmağa başlayır. Cənubi Qafqazda geosiyasi rəqabət davam edir və BƏƏ-nin neytral mövqeyi sülh prosesinə əlavə etimad gətirə bilər. Eyni zamanda, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında BƏƏ ilə sıx əməkdaşlığı Şuşada verilən mesajın İslam həmrəyliyinin təzahürü olduğunu göstərir.
Əgər sülh müqaviləsi imzalansa, regionda yeni iqtisadi dəhlizlərin, nəqliyyat və logistika xətlərinin açılması perspektivi yaranacaq. BƏƏ bu prosesdə həm sərmayəçi, həm də strateji tərəfdaş kimi iştirak edə bilər. Bu yalnız iki ölkənin deyil, bütün regionun sabitliyinə xidmət edəcək".
E.Akimova yekun olaraq vurğulayıb ki, Şuşada BƏƏ Prezidenti tərəfindən səsləndirilən fikirlər Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət daşıyır: “Qarabağ münaqişəsinin sonu təkcə Azərbaycanın qələbəsi ilə deyil, həm də beynəlxalq əməkdaşlıq və inkişaf üçün yeni fürsətlərin başlanğıcı ilə ölçüləcək".
Mehriban Yariyeva
17:18 17.09.2025
Oxunuş sayı: 1535