Azərbaycan-ABŞ münasibətləri strateji məzmun daşıyır - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında səsləndirdiyi fikirlərə münasibət bildirib. Dövlət başçısı onun Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfəni və Vaşinqtonda keçirilmiş görüşdə oynadığı rolu yüksək qiymətləndirərək, iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib. Əlbəttə bu cür münasibət hər iki liderin bir birinə olan hörmətinin bariz sübutudur.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən millət vəkili Azər Allahverənov Azərbaycan-ABŞ münasibətlərinin artıq strateji məzmun daşıdığını qeyd edib: "Azərbaycan–ABŞ münasibətləri artıq strateji mahiyyət daşıyır. Bu, hər iki ölkə rəhbərinin çıxışlarında, müraciətlərində və sosial şəbəkələrdəki paylaşımlarında da açıq şəkildə özünü göstərir.
Sonuncu təşəkkürə gəldikdə isə, cənab Prezident Donald Trampı Azərbaycan–Amerika münasibətlərinin strateji cəhətdən bərqərar olmasının əsas “memarı” kimi dəyərləndirdi. Bu vurğunun özü onu göstərir ki, iki lider arasında xüsusi münasibət mövcuddur və bu da dövlətlərarası əlaqələrin daha geniş və dərin şəkildə inkişaf etdirilməsinə zəmin yaradır.
Ümumiyyətlə, bu tip diplomatik yazışmalar siyasi baxımdan mühüm məqamları əks etdirməklə yanaşı, münasibətlərin hansı səviyyədə olmasından da xəbər verir. Xüsusilə nəzərə alsaq ki, avqustun 8-dən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlik ciddi razılaşmalar əldə olunub, bu təşəkkür mesajının sətiraltı məzmunu da həmin prosesə işarə edir".
Deputat həmçinin bütün bunların iki dövlət arasında əlaqələrin strateji baxımdan daha da genişlənməsinə xidmət etdiyini qeyd edib.
"Bütün bunlar göstərir ki, həm regionda dayanıqlı sülhün təmin olunması, həm də ABŞ-ın Cənubi Qafqazda həyata keçirdiyi praqmatik siyasət Azərbaycan–Amerika əlaqələrinin strateji baxımdan daha da dərinləşməsinə xidmət edir. Prezidentin təşəkküründə də məhz bu məqamlar öz əksini tapır"- deyə o bildirib.
Elmir Heydərli
17:00 17.09.2025
Oxunuş sayı: 1360