Ermənistanın işğal siyasəti dövründə İCESCO Azərbaycanın haqq işini dəstəkləyib - DEPUTAT

Prezident İlham Əliyev sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikini qəbul edib. Görüşdə təşkilatın ölkəmizə və xüsusilə Qarabağa verdiyi dəstək yüksək qiymətləndirilib, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Prezident ICESCO rəhbərini “Dostluq” ordeni ilə təltif edib.
Prezidentin ICESCO rəhbərini “Dostluq” ordeni ilə təltif etməsi Azərbaycanın mədəniyyət diplomatiyasına verdiyi önəmin göstəricisidir. Bu həm də Şuşanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi isə işğaldan azad olunmuş torpaqlarımızın beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfədir. Bu əməkdaşlıq gələcəkdə həm mədəni, həm də siyasi baxımdan yeni imkanlar aça bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib.
Deputat Azərbaycanla ICESCO arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib: “Azərbaycan-İCESCO münasibətləri hər zaman yüksək səviyyədə olub. Ermənistanın işğal siyasəti dövründə bu təşkilat Azərbaycanın haqq işini dəstəkləyib. Son 5 ildə - Azərbaycan öz tarixi torpaqlarını azad etdikdən sonra Bakı ilə İslam dünyası arasında əməkdaşlıqda da yeni inkişaf mərhələsi başlayıb. Postmünaqişə dövrünün yeni reallıqlarına uyğun davam edən bu əməkdaşlıq bütövlükdə İslam dünyasının daha da güclənməsinə xidmət edir. Azərbaycan müsəlman aləmində birliyin möhkəmləndirilməsinə, İslamın sülh və mədəniyyət dini kimi təbliğ olunmasına mühüm töhfələr verir.
Ölkəmizin üzvü olduğu ICESCO ilə əməkdaşlıqda mədəni irsin qorunması xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsünə də ICESCO daim davamlı dəstək verib. Təşkilat 2011-ci ildən ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyədə təmsil olunur. Təsadüfi deyil ki, 2022-ci ilin dekabrında ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclasında Azərbaycanın zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib. Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı artdı. Bu, Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs elementlərinin dəyərləndirilməsi, eyni zamanda mədəni irsin mühafizəsi və davamlılığının təmin edilməsində mühüm əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, 2001-ci ildən başlayaraq, ICESCO hər il İslam mədəniyyətinin paytaxtı olan şəhərlər seçir. Azərbaycan şəhərləri də bu statusa layiq görülməkdədir. Belə ki, 2024-cü ildə Qarabağın tacı olan Şuşa şəhəri də İslam dünyasının paytaxtı elan oludu.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl Malikin məhz Şuşada “Dostluq” ordeni ilə təltif edilməsi Azərbaycanla təşkilat arasında uğurlu əməkdaşlığın növbəti göstəricisidir. Hesab edirəm ki, bu əməkdaşlıq qarşılıqlı faydalı nəticələr verəcək”.
Nicat Rüstəmzadə
17:30 16.09.2025
Oxunuş sayı: 823