Bu qanun 2000-ci ildə qəbul edilib və yenilənməsinə ehtiyac var - Deputat

Milli Məclisin Səhiyyə komitəsinin 15 sentyabr tarixli iclasında "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsinin vacibliyindən bəhs olunub. Bildirilib ki, sözügedən qanun 2000-ci ildə qəbul olunub və hazırkı dövrün tələblərinə tam cavab vermir.
Bəhs olunan dəyişikliklərlə bağlı təklifin müəllifi deputat Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlama verib.
Dünyada olduğu kimi Azərbaycanda da son illərdə vərəmlə mübarizə sahəsində əldə olunmuş sabitləşməyə baxmayaraq, vərəm vacib səhiyyə problemlərindən biri olaraq qalmaqdadır. Müalicəsi və peyvəndi artıq 100 ildən çoxdur ki, məlum olan bu xəstəlik dünyada hələ də ən çox ölümə səbəb olan infeksion xəstəlikdir.
Deputat bu qanunun 2000-ci ildə qəbul edildiyini və artıq yenilənməyə ehtiyacı olduğunu bildirib: “Ölkəmizdə həyata keçirilən səhiyyə islahatları çərçivəsində TƏBİB-in təşəbbüsü ilə 2024-cü ildə “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Yeni müəssisələr fəaliyyətə başlayır, ölkə üzrə vərəm əleyhinə müəssələr vahid müəssisəyə tabe olacaq. Bu sahədə regional xəstəxanalar yaradılır. Belə ki, İsmayıllı rayonunda ətraf rayonları əhatə edən yeni xəstəxana artıq fəaliyyətə başlayıb. Həmçinin pasiyentlərin vərəməleyhinə xidmətlərə və müəssisələrə əlçatanlığını təmin etmək məqsədi ilə hər rayonda vərəm məntəqələri fəaliyyət göstərəcək.
Aparılan islahatlar nəticəsində ölkə üzrə vərəm xəstəxanalarında çarpayı sayı 1950-dən 930 çarpayıya endirilib. Bu isə vərəmə məruz qalmış insanların yoluxucu olmadığı təqdirdə, müalicənin ilk günündən ambulator müalicəyə yazılması və onların gündəlik işlərdən ayrılmadan öz müalicələrini davam etdirməsi baxımından çox əhəmiyyətlidir. Bu, həm də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə tam uyğundur. Optimallaşdırma tədbirləri həm də səhiyyə xərclərinin azaldılmasına gətirib çıxarır.
Xəstəliyin aşkarlanmasının yaxşılaşdırılması məqsədi ilə innovativ, texnoloji yeniliklər tətbiq edilir, mobil cihazlarla mobil briqadalar icmalarda, dağ kəndlərində vərəmin aşkarlanmasına xidmət edən layihələrin icrasına başlanılıb.
Davamlı olaraq bizə vərəmdən əziyyət çəkən pasiyentlərdən, həmçinin xəstəxanada fəaliyyət göstərən tibb işçiləri tərəfindən sorğular daxil olur və təhlil zamanı görürük ki, "Vərəmlə mübarizə haqqında qanun"a əlavələrin edilməsinə ehtiyac var. Bu qanun 2000-ci ildə qəbul edilib və bu tarixdən sonra vərəmin bir çox ştamları, xüsusilə dərmana davamlı vərəm ölkəmizdə də geniş yayılıb. Vərəmdən əziyyət çəkən pasiyentlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müalicə müddətində sosial dəstəyin göstərilməsi olduqca vacibdir. Çünki vərəm sosial bəladır. Digər tərəfdən, müalicədən imtina edən, lakin bassil ifraz edən və ətrafdakıları yoluxdurma riski daşıyan xəstələrin müalicəyə cəlb edilmə mexanizminin yaradılması da olduqca vacibdir ki, bir aktiv vərəm xəstəsi il ərzində 15 insanı yoluxdurma qabiliyyətinə malikdir.
Bu baxımdan parlamentdə sözügedən mövzuda belə bir geniş tərkibdə ictimai dinləmənin keçirilməsi, həm görülmüş işlərin təqdimatı, həm də qanunvericilikdə ehtiyac duyulan məsələlərin həllində bütün maraqlı tərəflərin təkliflərinin dinlənilməsi üçün çox yaxşı imkandır. Parlamentin sədri Sahibə xanım Qafarova hər zaman belə aktual mövzularda dinləmələrin keçirilməsini dəstəkləmişdir. İnanıram ki, bu dinləmə ilə vərəmlə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olacağıq”.
Nicat Rüstəmzadə
12:56 16.09.2025
Oxunuş sayı: 4929