Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında tam suverenliyi təmin etdi - Açıqlama

Azərbaycanın müasir tarixində elə günlər vardır ki, onlar xalqımızın milli yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Bu günlər həm müstəqilliyimizin, həm də suverenliyimizin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Uzun illər işğal altında qalan torpaqlarımız, xalqımızın üzləşdiyi sınaqlar və nəhayət, əldə etdiyimiz böyük Qələbə tariximizin ən mühüm səhifələrindəndir. Məhz bu hadisələr Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi.
Əlamətdar gün ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Arzuman Abdulkərimov 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir hissəsi azad edildiyini və ərazi bütövlüyümüzü bərpa edildiyini qeyd edib:
"Azərbaycan torpaqları 30 il işğal altında qaldı və bu müddətdə müstəqilliyimiz təhdid altındaydı. Ərazi bütövlüyümüz təmin olunmamış, dövlətçiliyimiz qarşısında ciddi problemlər mövcud idi. Doğrudur, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir hissəsi azad edildi və ərazi bütövlüyümüz bərpa olundu.
Amma suverenliyimiz hələ tam bərpa edilməmişdi. Çünki Qarabağ iqtisadi zonasında “Dağlıq Qarabağ Respublikası” adlanan separatçı qurum mövcud idi və bu, ölkəmizin suverenliyinə mane olurdu. Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, orada yaşayan ermənilər separatizmdən əl çəkmədilər. Onlar separatizmin davam etməsində maraqlı olduqlarını açıq şəkildə nümayiş etdirirdilər.
Nəticədə, Azərbaycan 2023-cü il sentyabrın 19-da antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Qarabağ iqtisadi zonasında – Azərbaycanın qədim ərazisi olan Qarabağ torpaqlarında separatizmin kökü birdəfəlik kəsildi.
Bu səbəbdən qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı. Azərbaycan xalqı qəhrəman xalq olduğunu bir daha sübut etdi. Biz çox böyük bir tarixi hadisəyə imza atdıq".
Politoloq həmçinin müstəqilliyimiz artıq əbədi, sarsılmaz və dönməz xarakter aldığını bildirib.
"Otuz illik təhdidlərdən sonra dövlətimizin suverenliyi tamamilə bərpa edildi. Müstəqilliyimiz artıq əbədi, sarsılmaz və dönməz xarakter aldı. Biz bunu bütün dünyaya sübut etdik.
Azərbaycanın bu qətiyyətli addımı yüz illik erməni separatizminin Qarabağdan birdəfəlik silinməsi ilə nəticələndi" - deyə o əlavə edib.
Elmir Heydərli
11:03 16.09.2025
Oxunuş sayı: 1618