İlham Əliyevin Qarabağa səfəri orada yaşayanlara olan böyük diqqətin sübutudur - Deputat

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısının mütəmadi olaraq bu bölgələrə etdiyi səfərlər, yeni yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində, sosial və dini obyektlərin açılışlarında iştirakı, həmçinin sakinlərlə səmimi görüşləri böyük qayıdış prosesinə xüsusi məna qazandırır. Bu səfərlər təkcə yenidənqurma işlərinə nəzarət xarakteri daşımır, eyni zamanda Azərbaycanın suverenliyinin möhkəmlənməsini, xalqımızın doğma torpaqlarda yenidən qurduğu həyatın gerçəkləşməsini nümayiş etdirir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bu səfərlərin Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesinə birbaşa nəzarət etdiyinin, onların yaşayış şəraiti, məşğulluğu və sosial rifahı ilə şəxsən maraqlandığının göstəricisi olduğunu qeyd edib:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti səfərini etmişdir. Səfər çərçivəsində Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməli qoyulmuş, Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edilmişdir. Prezident həmçinin Xocavənd rayonunun Soz kəndində sakinlərlə görüşmüş, Qırmızıbazar qəsəbəsində və Hadrutda geniş tərkibdə keçirilən görüşlərdə vətəndaşlarla bir araya gəlmişdir.
Dövlət başçısı Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə də səfər etmiş, sakinlərin evlərində olmuş, tut bağında görülmüş işlərlə tanış olmuşdur. Xüsusi olaraq, Qarabağ Universitetində klinikanın və Tibbi və Sağlamlıq Elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etmiş, professor-müəllim heyəti və tələbələrlə görüşmüşdür.
Bu səfərlər Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesinə birbaşa nəzarət etdiyini, onların yaşayış şəraiti, məşğulluğu və sosial rifahı ilə şəxsən maraqlandığını bir daha göstərir. Dövlətimizin başçısı bu görüşlərdə həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə mühüm mesajlar vermiş, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu vurğulamışdır.
Zəfərimizin beşinci ildönümü ərəfəsində və suverenliyimizin tam bərpasının ikinci ili qeyd edilərkən bu proseslərin həyata keçirilməsi xüsusi tarixi əhəmiyyət daşıyır. Çünki işğaldan azad olunmuş torpaqlar tamamilə viran qoyulmuşdu. Lakin Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirmiş, yollar, məktəblər, sosial və iqtisadi infrastruktur layihələri gerçəkləşdirilmişdir.
Artıq bu torpaqlarda həyat bərpa olunub. Qarabağ və Şərqi Zəngəzurda yeni icmalar formalaşır, məktəblərdə dərslər keçirilir, Qarabağ Universiteti fəaliyyətini genişləndirir. Gözlənilir ki, 2027-ci ilə qədər 150 mindən çox keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdacaq. Bu isə həmin ərazilərin sürətlə inkişaf etməsi, Azərbaycan iqtisadiyyatına inteqrasiyası və gələcəkdə ölkənin ən məhsuldar iqtisadi rayonlarından birinə çevrilməsi deməkdir".
Deputat həmçinin Prezident İlham Əliyevin bu proseslərə xüsusi diqqət ayırmasının və bütün dövlət qurumlarının bu istiqamətdə səfərbər olunmasının böyük qayıdışın uğurla həyata keçirilməsini təmin etdiyini bildirib.
"Prezident İlham Əliyevin bu proseslərə xüsusi diqqət ayırması və bütün dövlət qurumlarının bu istiqamətdə səfərbər olunması böyük qayıdışın uğurla həyata keçirilməsini təmin edir. Qarabağ və Şərqi Zəngəzur artıq təkcə azad olunmuş torpaqlar deyil, həm də canlı həyatın, inkişafın və firavanlığın ünvanına çevrilir"- deyə o əlavə edib.
Elmir Heydərli
20:54 15.09.2025
Oxunuş sayı: 674