Parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Sentyabrın 15-də Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini bildirib. Sonra Səhiyyə komitəsində 2025-ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada komitədə 13 iclas keçirilib, ümumilikdə 18 məsələ müzakirə olunub, həmçinin “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə təşkil olunub.
Daha sonra Ə.Əmiraslanov Səhiyyə komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, planda payız sessiyasında komitəyə daxil olacaq qanun layihələrinə baxılması, müvafiq ictimai müzakirələrin keçirilməsi və digər məsələlər əks olunub.
Gündəliyin üçüncü məsələsi - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev tərəfindən təqdim edilib. Bildirilib ki, qanun layihəsi həbs edilmiş, müəyyən müddətdə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb.
Sonra komitə sədri gündəliyin dördüncü məsələsi - “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” barədə məlumat verib. 21 maddədən ibarət olan sazişin Müstəqil Dövlətlər Birliyinin məkanında bu sahədə əməkdaşlığın inkişafına xidmət etdiyi söylənilib.
Ə.Əmiraslanov gündəliyin sonuncu məsələsi – “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsi haqqında məlumat verib. Qeyd edilib ki, qanunda yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilib. Layihədə bu dəyişikliklərin digər qanunlarda da təsbiti təklif olunub.
Müzakirələr zamanı çıxış edən deputatlar fikirlərini bildiriblər, təkliflərini irəli sürüblər.
Tədbirin sonunda ötən sessiyada görülmüş işlər qənaətbəxş hesab edilib, komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq olunub və qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
17:33 15.09.2025
Oxunuş sayı: 680