İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq məsələləri Prezidentimizin diqqət mərkəzindədir - Deputat

İşğaldan azad olunmuş torpaqlarımız bu gün sürətli bərpa və quruculuq mərhələsini yaşayır. Azərbaycan dövləti həmin bölgələrin dirçəlişini strateji prioritet kimi müəyyən edib. Prezident İlham Əliyevin mütəmadi səfərləri, sakinlərlə görüşləri və onların qayğılarına göstərdiyi diqqət bir daha sübut edir ki, Böyük Qayıdış prosesi dönməz xarakter daşıyır. Ötən gün Xocalıya edilən səfər orda yaşayan sakinlərlə olan görüş buna bariz sübutdur.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə ölkə başçısının Qarabağa və orada yaşayan əhaliyə diqqətinin böyük olduğunu qeyd edub: "İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq məsələləri cənab Prezidentimizin daim diqqət mərkəzindədir. Onun vaxtaşırı həmin regionlara səfər etməsi, öz doğma torpaqlarına qayıdan sakinlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması göstərir ki, keçmiş məcburi köçkünlərin hamısının tam şəkildə geri qayıdacağı gün uzaqda deyil.
Azərbaycan yalnız öz gücünə və xalqın dəstəyinə arxalanaraq bu gün müasir, bütün tələblərə cavab verən qəsəbələr salır, geri qayıdan insanların iş yeri məsələsini həll edir, həmin zonalara sərmayə qoyuluşu üçün geniş imkanlar yaradır. Təhlükəsizlik məsələləri isə hər zaman xüsusi diqqət mərkəzində saxlanılır".
Deputat həmçinin Prezidentin sakinlərlə görüşlər zamanı ölkənin qarşısında duran məsələlərlə bağlı fikirlərini bölüşməsi liderlə xalq arasında birbaşa təmasın bariz nümunəsi olduğunu bildirib.
"Cənab Prezidentin sakinlərlə görüşlər zamanı ölkənin qarşısında duran məsələlərlə bağlı fikirlərini bölüşməsi liderlə xalq arasında birbaşa təmasın bariz nümunəsidir. Bütün bunlar göstərir ki, Azərbaycan öz torpaqlarına sahiblənmək, orada qurub-yaratmaq və hər bir vətəndaşın öz dövləti, öz lideri ilə qürur duyması üçün bütün addımları atır.
Artıq hər gün müxtəlif yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin geri qayıdışının şahidi oluruq və bu say getdikcə artır" - deyən deputat fikrini yekunlaşdırıb.
Elmir Heydərli
13:47 15.09.2025
Oxunuş sayı: 654