Zəngəzur dəhlizinin mühüm davamı olan Naxçıvanın əhəmiyyəti artacaq - Deputat

Naxçıvan həm Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində xüsusi əhəmiyyət daşıyan mərkəzdir. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Naxçıvanda jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan–Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və dünyada nadir hallarda rast gəlinən dostluq, qardaşlıq və güclü müttəfiqlik üzərində qurulduğunu qeyd edib. Bəs maraqlıdır Naxçıvanın həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində strateji əhəmiyyətini nəzərə alaraq, regionun gələcəkdə iqtisadi və siyasi inkişafı üçün hansı konkret addımlar atılacaq?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan-Türkiyə arasında olan münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edub: "Azərbaycan–Türkiyə münasibətləri iki dost və qardaş dövlət arasında mümkün olan ən yüksək səviyyədədir. Bununla belə, biz hesab edirik ki, münasibətlərimiz daha da dərinləşməli, daha da genişlənməlidir. Bu, xalqlarımızın tarixi köklərindən, ortaq dilindən, eyni mədəniyyət və düşüncəsindən irəli gələn məsələdir. Bu, cəmiyyətin sosial sifarişidir və hər bir azərbaycanlı, hər bir türk iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə həmişə öz dəstəyini verir.
Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir. Təəssüf ki, müəyyən tarixi proseslərin nəticəsində Naxçıvan Azərbaycanın eksklav ərazisinə çevrilmişdir. Lakin bununla belə, Naxçıvan Azərbaycanın ürəyidir, onun üçün xüsusi əhəmiyyət kəsb edir və hər zaman da belə olacaqdır. Ötən əsrin əvvəllərində Naxçıvanın ayaqda qalmasında, möhkəm dayanmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur.
Türkiyə dövləti hakimiyyətdə kim olmasından asılı olmayaraq Naxçıvana daim diqqət yetirmişdir. Xüsusilə də hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Naxçıvan hər zaman həm Azərbaycanın, həm də Türkiyənin diqqət mərkəzində olmuşdur. Bu diqqət, həmçinin Naxçıvan əhalisinin fədakarlığı sayəsində bu gün muxtar respublikada iqtisadiyyat inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər tikilir.
Hazırda Naxçıvanda nüfuzlu bir ali təhsil müəssisəsi – Naxçıvan Dövlət Universiteti fəaliyyət göstərir. Burada xarici tələbələrin təhsil alması xüsusi önəm daşıyır və gələcəkdə bu sayın daha da artacağı gözlənilir. Naxçıvanlıların Türkiyəyə, Türkiyədən isə Naxçıvana səfərləri sıx əlaqələrin bariz göstəricisidir.
Ermənistanla gözlənilən sülh müqaviləsindən sonra Naxçıvanın əhəmiyyəti daha da artacaq. Çünki o, Zəngəzur dəhlizinin mühüm tərkib hissəsinə çevriləcəkdir. Xarici dövlətlərdən gələn yüklər Azərbaycan ərazisindən keçərək Zəngəzur dəhlizi və Naxçıvan–Türkiyə xətti vasitəsilə dünya bazarına çıxış əldə edəcək. Bu isə bölgədə yeni iqtisadi və sosial quruluşun yaranmasına səbəb olacaq".
Deputat həmçinin Naxçıvanda infrastrukturun yenilənməsi Naxçıvanı inkişaf etmiş bir mərkəzə çevirəcəyini qeyd edib.
"Naxçıvanda yeni otellərin, sosial obyektlərin, əyləncə mərkəzlərinin tikilməsi, mövcud universitetin daha da möhkəmlənməsi və yeni ali təhsil müəssisələrinin yaradılması tamamilə gözləniləndir. Bütün bunlar Naxçıvanı inkişaf etmiş bir mərkəzə çevirəcək və o, Azərbaycanla Türkiyə arasındakı iqtisadi əməkdaşlığın parlaq nümunəsinə çevriləcəkdir"- deyə o bildirib.
Elmir Heydərli
17:10 13.09.2025
Oxunuş sayı: 1370