“Formula-1” yarışlarının Azərbaycanda keçirilməsi təkcə idman hadisəsi deyil,..." - AÇIQLAMA

“Formula-1” yarışlarının Azərbaycanda keçirilməsi təkcə idman hadisəsi deyil, həm də ölkə iqtisadiyyatı üçün ciddi dividentlər qazandıran bir layihədir. Dünyanın diqqət mərkəzində olan bu möhtəşəm tədbir ölkəni beynəlxalq arenada tanıdır, Bakını isə qlobal idman və turizm xəritəsində önəmli bir məkan kimi möhkəmləndirir”.
Crossmedia.az
xəbər verir ki, bu sözləri millət vəkili Aydın Hüseynov deyib.
O
bildirib ki, ilk növbədə, belə bir mötəbər yarış minlərlə xarici turistin Azərbaycana
gəlməsinə səbəb olur: “Yarış həftəsi boyunca otellərin doluluq səviyyəsi kəskin
artır, restoranlar, əyləncə mərkəzləri və nəqliyyat sektorunda canlanma müşahidə
edilir. Qonaqların xərclədiyi hər manat iqtisadiyyata əlavə gəlir kimi qayıdır
və bu da xidmət sektorunun inkişafına birbaşa təkan verir.
Digər
tərəfdən, “Formula-1” ölkənin imicinə uzunmüddətli təsir göstərir. Yarış zamanı
televiziya vasitəsilə Bakının tarixi küçələri, müasir memarlığı və dənizkənarı
bulvarı milyonlarla tamaşaçıya təqdim olunur. Bu vizual təbliğat nəticəsində Azərbaycan
təkcə neft və qaz ölkəsi kimi deyil, həm də turizm və mədəniyyət mərkəzi kimi
tanınır. Beləliklə, növbəti illərdə daha çox turistin gəlməsi üçün zəmin
yaranır.
İqtisadi
baxımdan “Formula-1” həm də infrastrukturun inkişafına səbəb olur. Yarışa
hazırlıq mərhələsində yollar təmir olunur, yeni texnologiyalar tətbiq edilir,
beynəlxalq standartlara uyğun xidmət sahələri qurulur. Bu isə təkcə yarış
dövründə deyil, sonrakı illərdə də əhalinin rifahına xidmət edən bir sərmayədir.
Əlavə
olaraq, belə bir tədbir ölkəyə xarici sərmayədarların marağını artırır. Çünki
böyük yarışların keçirilməsi sabitlik, təhlükəsizlik və təşkilati bacarığın
göstəricisidir. Xarici investorlar üçün bu amillər önəmli olduğundan
“Formula-1” dolayı yolla yeni biznes imkanlarının açılmasına da təkan verir. Nəticə
etibarilə, “Formula-1” yarışları Azərbaycana həm qısamüddətli, həm də uzunmüddətli
iqtisadi faydalar gətirir. Bu yarışlar bir tərəfdən xidmət sektoruna dərhal gəlir
qazandırır, digər tərəfdən isə ölkənin beynəlxalq imicini gücləndirərək
turizmin davamlı inkişafına zəmin yaradır. Əslində, hər il keçirilən
“Formula-1” Azərbaycan üçün sadəcə idman hadisəsi deyil, həm də strateji
iqtisadi layihədir”.
17:20 12.09.2025
Oxunuş sayı: 1374