Üç mərkəz arasında Cənubi Qafqaz uğrunda çox gərgin bir mübarizə gedir - RƏY

Vaşinqtonda Azərbaycan-Ermənistan arasında baş tutan görüşdən sonra Cənubi Qafqazda vəziyyət müsbətə doğru dəyişməkdədir. Artıq Ermənistan qaçacaq yerinin olmadığını, sülh razılaşmasını uzada bilməyəcəyini aydın şəkildə başa düşdü. Vaxtilə sülh müqaviləsinin imzalanma müddətini uzadan, danışıqlardan qaçan Ermənistan artıq reallıqlarla üzləşməli oldu. Konstitusiyasını dəyişmək məsələsi ilə barışdı və tərəflər sülhə bir addım daha yaxınlaşdı. Bu gün sülh prosesinin sürətləndirilməsi, bölgədə birdəfəlik sabitliyin təmin edilməsi üçün ciddi çalışmalar gedir. Məsələ ABŞ tərəfindən də nəzarətdə saxlanılır. Çünki ABŞ-də bölgədə sabitliyin təmin edilməsini istəyir. Belə bir vaxtda Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi Andranik Ovannisyan açıqlamasında qeyd edib ki, İrəvan Bakı ilə sülh müqaviləsinin ağlabatan müddətdə imzalanmasına ümid edir. “Ağlabatan” dedikdə hansı vaxt kəsiyinin nəzərdə tutulduğu tam şəkildə aydın olmasa da Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları və fəaliyyəti sülhün yaxın olduğundan və Ermənistanın da buna uyğun addımlar atdığından xəbər verir.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib: “Hər kəs onu öz prizmasından baxaraq, öz dəyərlərindən, gözləntilərindən irəli gələrək qiymətləndirə bilər. Amma əslində məsələ ondadır ki, Ermənistan ümumiyyətlə bu prosesdə tələskənliyə yol vermir. Hətta mən deyərdim ki, süründürməçiliyə yol verir, digər tərəfdən sabotajla məşğul olur və nəhayət indiki hakimiyyət müqavilə imzalanmasını yox qarşıdan gələn seçkiləri üstün sayır. Düşünürəm ki, Nikol Paşinyan ümumiyyətlə, bu iki məsələlərin ikisini də bir kontekstdə birləşdirir. Yəni düşünür ki, mən qarşıdan gələn parlament seçkilərində uduş əldə etməliyəm, bunun üçün isə sülh müqaviləsinin hər hansı bir məziyyətindən istifadə etməliyəm. Əlbəttə ki, öz xeyrimə və öz partiyamın xeyrinə. Təbii ki, Cənubi Qafqaz bölgəsi indi çox böyük diqqət altındadır. Məsələ bundadır ki, hazırda dünyada iki üç çox ağır vəziyyətdə olan bölgə var. Biri Yaxın Şərqdir, biri isə Şərqi Avropa. Obyektiv mövqedən yanaşdıqda biz görürük ki, bu iki hadisə bir-biri ilə səsləşir. Yəni bir böyük müharibənin ayrı-ayrılıqda iki ayrı epizodu, iki ayrı aktıdır. Çox çalışmalar, çox istəklər var ki, artıq buna üçüncü məsələ də əlavə olunsun”.
Onun sözlərinə görə üçüncü məsələ yerində də Qafqazı görürlər: “Niyə? Çünki Qafqaz bölgəsi uğrunda böyük qüvvələrin arasında ixtilaf var. Düzdür, onlar bunun haqqında açıq danışmır. Amma biz görürük ki, Rusiya, xüsusilə Böyük Britaniya özünü zorla bizim bölgəyə yerləşdirsin və öz mövqelərini burada gücləndirsin. Ona görə də mən elə düşünürəm ki, praktiki olaraq burada ABŞ də kənarda qalmır. Adını çəkdiyim iki ölkədən fərqli olaraq, ABŞ həqiqətən də burada çalışır. Bir növ, sabitlik yaratsın, həm də bölgədə qərar tutsun. Ona görə də mənə elə gəlir ki, bu üç mərkəz arasında da Cənubi Qafqaz uğrunda çox gərgin bir mübarizə gedir və son məqamlar da onu göstərir ki, heç bir tərəf geri çəkilmək niyyətində deyil. Təbii ki, burada Ermənistandan daha çox istifadə olunma cəhdlərini görürük. Çünki Azərbaycan dövlətinin əvvəl gündən münasibəti, mövqeyi çox sağlamdır. Çünki biz bütün mərkəzlərlə müttəfiqlik, əməkdaşlıq edirik. Ancaq biz imkan vermirik ki, bizim bacarığımızdan sui-istifadə olunsun. Ermənistan isə açıq-aşkar bildirir ki, hər hansı bir dövlət əgər ona əlverişli bir vədlər verəcəksə onların dediyini etsin. Ona görə də mən qəti əminəm ki, Azərbaycan sona qədər öz mövqeyində duracaq, Ermənistan isə yox. Ermənistanın hərəkətlərini düzgün proqnozlaşdırmaq, gerçəkliyə yaxın olan tərzdə qiymətləndirmək bir qədər çətindir. Baxmayaraq ki, indi Nikol Paşinyan bir qədər artıq adekvat hərəkətlərə və anonslara, eləcə də bəyanatlara yer ayırır. Digər tərəfdən Azərbaycan tərəfə, Türkiyə ilə barışa meyil göstərir. Amma buna baxmayaraq, biz hələ Ermənistan cəmiyyətinin hansı fikirdə olması ilə bağlı, hansı oyunu oynaması ilə bağlı hələ tam bir mənzərəni gözümüzün önündə görmürük”.
Ayhan
16:43 12.09.2025
Oxunuş sayı: 745