Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi əlaqələrini genişləndirmək imkanı qazanacaq - DEPUTAT

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra sülh sazişinə doğru atılan addımlar yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan birgə bəyannamə və “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm tarixi hadisədir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın iqtisadi əməkdaşlıqla bağlı açıqlaması isə göstərir ki, siyasi dialoqla yanaşı, iqtisadi inteqrasiya imkanları da gündəmə gəlməkdədir. Bu, həm regionun sabitliyinə, həm də xalqların gündəlik həyatına müsbət təsir edə biləcək yeni perspektivlər açır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması bölgədə davamlı sülh və sabitlik yaradacaq, həmçinin regional iqtisadi imkanların genişlənməsinə yol açacaq: “Biz hər zaman vurğulamışdıq ki, Ermənistanla sülh müqaviləsinin imzalanması daha çox onun özünə lazımdır. Çünki Ermənistan iqtisadiyyatı faktiki olaraq çökmüş vəziyyətdədir. İşğalçılıq siyasəti nəticəsində özünü blokada şəraitinə salmışdı və yalnız Rusiyadan asılı vəziyyətdə, eyni zamanda sanksiyalar altındakı İranla məhdud əlaqələrə malik idi. Azərbaycanla sülh müqaviləsinin imzalanması Türkiyə ilə münasibətlərin normallaşmasına, sərhədlərin açılmasına, nəqliyyat qovşaqlarının yaranmasına və yeni iqtisadi imkanlara səbəb olacaq. Bu baxımdan Ermənistan bundan daha çox fayda götürə bilər".
Deputat əlavə edib ki, çərçivə sazişinin imzalanması ilə Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi əlaqələrini genişləndirmək imkanı qazanacaq: “Sərhəd-keçid məntəqələrinin açılması, nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması Ermənistan üçün əlavə iqtisadi imkanlar yaradacaq. Azərbaycanın məhsulları Ermənistan bazarına daxil olacaq, paralel olaraq Türkiyə ilə iqtisadi münasibətlər də inkişaf edəcək. Bu, Ermənistana ciddi iqtisadi dividendlər gətirə bilər. Bundan əlavə, kommunikasiya qovşaqlarının açılması Ermənistanı tranzit ölkəyə çevirəcək. İndiyə qədər yalnız Lars keçidinə ümid edən Ermənistan indi daha geniş çıxış imkanları əldə edəcək. Bu isə həm iqtisadi, həm də siyasi baxımdan region ölkələri üçün yeni perspektivlər deməkdir".
A.Əlizadənin sözlərinə görə, artıq Ermənistan da anlayır ki, kənar ölkələrə arxalanmaqdansa, regionun əsas güc və söz sahibi olan Azərbaycanla münasibətləri normallaşdırmaq həm siyasi, həm də iqtisadi cəhətdən daha sərfəlidir.
Mehriban Yariyeva
16:17 12.09.2025
Oxunuş sayı: 4522