Rusiyada yeni daxili qarşıdurma: “Rus icması” ilə “Ahmat-Hacı” hərəkatı üz-üzə

Rusiya milli zəmində yeni qarşıdurma ilə üz-üzədir. Mühafizəkar iş adamı Konstantin Malofeyevin yaratdığı “Rus icması” təşkilatı etnik millətçiliyi qızışdıraraq rus olmayan xalqları, o cümlədən də yerli millətləri hədəfə alır. Buna cavab olaraq Çeçenistan rəhbəri Ramzan Kadırov “Ahmat-Hacı” adlı yeni hərəkat elan edib və “çoxmillətli Rusiyanın” müdafiəsini, cavab olaraq küçə aksiyaları keçirəcəklərini vəd edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Kreml Kadırovun Malofeyevlə bağlı şikayətlərini görməzdən gəlib. Nəticədə isə ölkə daxilində iki paralel hərəkat formalaşıb və onların yaxın vaxtlarda Moskva, Sankt-Peterburq və Yekaterinburq küçələrində toqquşacağı ehtimal olunur.
Qeyd edək ki, hələ bir müddət əvvəl çeçen və dağlı icmalarının nümayəndələri miqrasiyanın məhdudlaşdırılmasını tələb edirdilər və hətta Malofeyevin təşkilatının məqsədlərini dəstəkləyirdilər. Çeçen komandan Auladinov belə, “Rus icması”nın nizamnaməsində əks olunan hədəflərə simpatiya bəslədiyini açıq şəkildə demişdi. Lakin indi elə həmin qruplar rus millətçilərinin hücum obyektinə çevrilib.
Ekspertlər hesab edir ki, Rusiya daxilində “Rusiya ruslar üçün” şüarı ilə çıxış edənlər və Kremlin Qafqaz siyasətində loyallığına arxalanan qüvvələr arasında dərin uçurum yaranır. Rəsmi Moskva isə prosesə nəzarət etdiyini düşünsə də, əslində, uzun müddət xaricə yönəltdiyi qarşıdurmanın indi ölkə daxilinə geri dönməsi ilə üzləşib.
21:57 11.09.2025
Oxunuş sayı: 915