"Şah ölüm" filminin təqdimatı keçirilib



ParkCinemada Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri, mərdliyi və xeyirxahlığı ilə tanınan Məcid ağa Şəkibəyovun ömür yoluna həsr olunmuş “Şah ölüm” filminin təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, filmin baş rol ifaçısı və ssenari müəllifi Zəka Vilayətoğlu bildirib ki, ekran əsəri "ZVS" Müstəqil Yaradıcılıq Birliyi tərəfindən istehsal olunub. Filmdə tanınmış aktyorlar Əjdər Zeynalov, Elçin İmanov, Hüseyn Nurullahi, Anar Hüseynli və digər sənətçilər rol alıblar.
Məcid ağa Şəkibəyov XIX əsrin sonu – XX əsrin 30-cu illərinə qədər Gədəbəydə yaşamış, Qori Seminariyasında təhsil almış, mərdliyi və ədaləti ilə bütün Gəncəbasarda tanınmışdır. O, 1918–1920-ci illərdə erməni daşnaklarına, 1929–1930-cu illərdə isə Şura hökumətinə qarşı mübarizə aparmışdır. Bütün ehtiyatları tükəndiyi bir vaxtda o, təslimçiliyi qəbul etməmiş, tüfənginin qundağına “Məcidi Məcid vurdu” sözlərini həkk edərək son güllələri ilə özünü qurban vermişdir. Bu addımı ilə o, Azərbaycan tarixində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
“Şah ölüm” filmi Məcid ağanın fədakar mübarizəsini və şərəfli həyat yolunu tamaşaçılara ekran əsəri kimi təqdim etməklə, gənc nəsillərə milli qəhrəmanlıq ənənələrini aşılamağı qarşısına məqsəd qoyur.
Elmir Heydərli
21:03 11.09.2025
Oxunuş sayı: 1756