“Zəngəzur dəhlizi bölgənin inkişafında əsas rol oynayacaq”- Deputat

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüş keçirib. Tərəflər Azərbaycan–ABŞ iqtisadi münasibətlərinin möhkəmləndirilməsi, yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüslərini müzakirə ediblər. Görüşdə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, biznes və infrastruktur layihələri üzrə imkanlar, eləcə də regional nəqliyyat-logistika təşəbbüsləri xüsusi diqqət mərkəzində olub.
Bu görüş Azərbaycan–ABŞ iqtisadi əlaqələrinin daha institusional əsasda inkişafına mühüm təkan verə bilər. Xüsusilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması iki ölkə arasında uzunmüddətli əməkdaşlığı gücləndirmək baxımından əhəmiyyətlidir. ABŞ şirkətlərinin Azərbaycandakı islahat və infrastruktur layihələrinə marağı isə iqtisadi inteqrasiyanı daha da sürətləndirə bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Vüqar Bayramov Crossmedia.az saytına açıqlama verib.
Deputat, iqtisadi əlaqələrin dərinləşməsinin böyük ticarət dövriyyəsinin əldə edilməsinə imkan yaradacağını bildirib: “Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın güclənməsi müşahidə olunur. Eyni zamanda bu hal özünü ticarət və iqtisadi əlaqələrdə də göstərir. İqtisadi əlaqələrin dərinləşməsi həm də daha böyük ticarət dövriyyəsinin əldə edilməsinə imkan yaradacaq. Hazırda iki ölkə arasında illik ticarət dövriyyəsi 1,8 milyard dollardır. Təbii ki, bu dövriyyənin artırılması, xüsusən də texnologiyanın transferi iki ölkə arasındakı münasibətlərdə əsas istiqamətlərdəndir. ABŞ və Azərbaycan həm də nəqliyyat-logistika sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı aparılan danışıqlar və razılaşmalar orta dəhlizin ötürmə imkanlarının artmasına gətirib çıxarır. Praktik olaraq Zəngəzur dəhlizi həm şimal-cənub, həm də şərq-qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Və bu da Zəngəzur dəhlizi vasitəsilə daha çox yüklərin qərbdən şərqə və ya Asiyadan Avropaya daşınmasına imkan verəcək”.
O bildirib ki, bu, bütövlükdə bölgənin inkişafına təsir edəcək bir layihədir: “Eyni zamanda bu həm də ABŞ-nin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi baxımından geniş imkanlar yaradır. Əlbəttə ki, hər iki dövləti təmsil edən şirkətlər arasında da əməkdaşlıq əlaqələri üçün müsbət təsir yaradır”.
Nicat Rüstəmzadə
19:23 11.09.2025
Oxunuş sayı: 1478