Zəngəzur dəhlizi açılır: Azərbaycan və ABŞ arasında razılaşma işə düşdü - Deputat

Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Müzakirələr Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat naziri Mikayıl Cabbarovla ABŞ Dövlət Departamentinin, Konqresinin və digər yüksək rütbəli şəxslərilə keçirilən görüşlərdə aparılıb. Görüşlərdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Orta Dəhlizin potensialının artırılması da nəzərdən keçirilib.
Maraqlıdır Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı əməkdaşlıq perspektivləri hansılardır və bu əməkdaşlıq konkret olaraq hansı sahələri əhatə edir?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan və Avropa arasında Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı əməkdaşlıq perspektivlərinin geniş olduğunu qeyd edib: "Azərbaycan və Avropa arasında Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı əməkdaşlıq perspektivləri genişdir. Dəhlizin işə salınması əsasən avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçiriləcək. Bu səbəbdən ABŞ nümayəndə heyəti həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı zəruri görüşlər aparır.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş rəsmisi Brendan Xan Rahan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb. Görüşlərdə nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu tədbirlər, həm Zəngəzur dəhlizinin potensialının artırılmasına, həm də Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət edir.
Görüşlər zamanı həmçinin təhlükəsizlik, enerji və regionda stabillik məsələləri də geniş müzakirə olunub. Bu təmaslar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin paraflanması və post-münaqişə dövrünün idarə olunması baxımından da əhəmiyyətlidir. Eyni zamanda, əməkdaşlıq perspektivləri enerji və təhlükəsizlik sahəsində, o cümlədən yaşıl enerjinin Zəngəzur dəhlizi vasitəsilə Qərbə daşınmasını da əhatə edə bilər".
Deputat həmçinin Vaşinqton razılaşmasının və aparılan görüşlərin Azərbaycan-ABŞ münasibətlərini, siyasi-iqtisadi əlaqələri gücləndirdiyini qeyd edib.
"Beləliklə, Vaşinqton razılaşmaları və aparılan görüşlər Azərbaycan-ABŞ münasibətlərini gücləndirir, regional sabitliyin təmin olunmasına və praktiki əməkdaşlıq imkanlarının artırılmasına xidmət edir" - deyə o qeyd edib.
Elmir Heydərli
15:01 11.09.2025
Oxunuş sayı: 1431