Azərbaycanın Rusiya ilə hər hansı hərbi qarşıdurmasına zəmin yoxdur - Deputat

Bu gün Rusiya dronlarının Polşa hava məkanında uçması xəbəri dünya gündəminin əsas mövzularından birinə çevrilib. Bir gün əvvəl heç kimin inanmayacağı bu hadisə artıq reallığa çevrilərək həm NATO daxilində, həm də Avropa ölkələrində ciddi narahatlıq yaradıb.
Məlumdur ki, Azərbaycan ilə Rusiya arasında da münasibətlərdə gərginlik mövcuddur. Rusiya isə hər zaman addımlarını proqnozlaşdırmaq mümkün olmayan, aqressiv dövlət kimi tanınır. Bütün bunları nəzərə alaraq, Rusiyanın Azərbaycana qarşı dron, yaxud raket hücumu həyata keçirib-keçirməyəcəyi ilə bağlı müzakirələr getməkdədir. Belə bir məsələnin reallaşması mümkün ola bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a Milli Məclisin deputatı Aydın Hüseynov açıqlama verib: "Rusiya dronlarının Polşa üzərində görünməsi hadisəsi Ukrayna ilə davam edən müharibə fonunda xüsusi əhəmiyyət kəsb edir. Polşa Ukraynanı açıq şəkildə dəstəkləyir və məlumdur ki, bütövlükdə Qərb ilə Rusiya arasında böyük gərginlik mövcuddur. Bu gərginlik müxtəlif sahələrdə özünü göstərir, bəzən isə hərbi güc nümayişi ilə müşahidə olunur. Belə addımlar tərəflərin bir-birini çəkindirmə məqsədi daşıdığı ehtimalını da artırır".
Deputat bildirib ki, Azərbaycanla Rusiya arasında isə həmin müstəvidə birbaşa hərbi xarakterli gərginlik yoxdur: "Son günlər yalnız Azərbaycan sərnişin təyyarəsinin vurulması məsələsi gündəmdədir. Rusiya tərəfinin məsuliyyət daşıdığı bu hadisə ilə bağlı Azərbaycan üzr və kompensasiya tələb edir. Bu məsələ diplomatik müstəvidə həllini tapmasa da, hərbi qarşıdurma ehtimalı da real görünmür. Qeyd etmək lazımdır ki, Azərbaycanın müdafiə sistemi və silahlı qüvvələri ölkənin suverenliyini və ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq gücündədir. Azərbaycanın hərbi qüdrəti regionda tanınır və bu baxımdan Rusiya ilə hər hansı hərbi qarşıdurmaya zəmin yoxdur".
Xumar Emilqızı
18:21 10.09.2025
Oxunuş sayı: 849