Allahşükür Paşazadə TDT -nin iclasında iştirak edəcək: Azərbaycanın artan nüfuzu və...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Qırğızıstana səfəri, regional və beynəlxalq dini əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Sentyabrın 11-də Bişkek şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının (TDT MDRİŞ) növbəti toplantısında iştirak edəcək A.Paşazadə, həmçinin iclas çərçivəsində çıxış edəcək. TDT MDRİŞ-in Əsasnaməsi Şuşa şəhərində imzalanmış, bir sıra əhəmiyyətli sənədlər – Birgə Bəyanat və müxtəlif şəhərlərdə keçirilmiş toplantılar nəticəsində əldə olunmuş qərarlar – iclasın beynəlxalq əhəmiyyətini artırmışdır. Bişkekdə keçiriləcək VI iclasda “İslamda ümmətin vəhdəti” adlı sənədin qəbul olunması, iştirakçıların Qırğızıstanın ali rəhbərliyi tərəfindən qəbul olunması və geniş mədəni proqramın təşkil edilməsi planlaşdırılır. Bu tədbir, Türk Dövlətləri arasında dini əməkdaşlığın möhkəmləndirilməsi və müsəlman icmalarının birliyi istiqamətində vacib addım kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a danışıb: "Hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi önəmlidir. Bu cür tədbirlər türk dünyasının bütövləşməsinə, türk dövlət birliyinin güclənməsinə öz ciddi töhfələrini birmənalı olaraq verir və verəcək. Bu tədbirlərin ölkəmizdə keçirilməsi də ayrıca xüsusi əhəmiyyətə malikdir. Bu, Azərbaycanın İslam aləmində və türk dünyasında nüfuzunun artmasına, Azərbaycanda tolerant və multikultural ölkə olması imicinə də öz müsbət təsirini göstərəcək. Yəni, bu baxımdan bu cür tədbirlərin, görüşlərin, konfransların və forumların keçirilməsi çox önəmlidir. Hesab edilir ki, bu, bütövlükdə öz töhfəsini bütün müsəlman dünyasına verəcək və Azərbaycanın qeyd etdiyimiz kimi nüfuzunu, Azərbaycana olan inamı və etimadı daha da artıracaq. Bu, türk dünyasının bütövləşməsinə də öz ciddi töhfəsini birmənalı olaraq verəcək".
Mehriban Yariyeva
13:06 10.09.2025
Oxunuş sayı: 995