Çinin sənaye istehsal modelini Azərbaycanda tətbiq edək - Ekspertdən təklif

Pekin və Bakı arasında ticarət həcminin ilin sonuna qədər rekord həddə çatacağı gözlənilir. Bu, sadəcə statistik göstərici deyil, həm də iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının əyani sübutudur. Artan əməkdaşlıq, Azərbaycan üçün iqtisadi şaxələnmə və tranzit imkanlarının genişlənməsi, Çin üçün isə Avropaya ən qısa və etibarlı yolun təmin olunması deməkdir. Bu tərəfdaşlıq yalnız qarşılıqlı ticarət dövriyyəsi ilə məhdudlaşmır, həm də sənaye, logistika və sosial rifah sahələrinə mühüm təsirlər vəd edir.
Mövzu ilə bağlı Crossmedia.az-a iqtisadçı ekspert Fuad İbrahimov açıqlama verib: "Ticarət dövriyyəsinin artması aydın məsələdir ki, ən azı iki dövlət arasında qarşılıqlı maraqların yüksəlməsini göstərir. Bu iqtisadi baxımdan da ən əlverişli məqamlardan biridir. Ancaq dövlətlərarası məsələyə gələndə yalnız şablon “ticarət dövriyyəsi” göstəricisinə bağlanmaq düzgün deyil. Məsələn, kimsə deyə bilər ki, “filan ölkənin ÜDM-i yüksəkdir, gəlin onunla əməkdaşlıq edək”. Amma bu ölkə, misal üçün, milyardlarla dəyəri olan, lakin heç kimin gündəlik həyatına təsir etməyən ağır texnika istehsal edə bilər. Bu isə nə sosial rifah, nə də ticarət baxımından bizə fayda gətirməz".
Ekspert qeyd edib ki, ticarət dövriyyəsi məsələsində əsas diqqətimizi hədəfli istiqamətlərə yönəltməliyik: "Bəli, hökumət səviyyəsində biz kiməsə şərab sata, əvəzində mebel gətirə bilərik – bu yaxşıdır. Amma əsas strateji xətt başqa olmalıdır. Bu gün bizim Pekinlə, yəni rəsmi Çinlə çox vacib əməkdaşlıq imkanlarımız var. Bu əməkdaşlığın əsas sütununu qərb–şərq dəhlizinin genişləndirilməsi təşkil edir. Məlumdur ki, bu gün Bakı üzərindən, yəni Azərbaycan vasitəsilə keçən “Orta Dəhliz” xətti ilə cəmi iki həftəyə Çindən Avropaya məhsul çatdırmaq mümkündür. Avropa iqtisadi baxımdan dünyanın ən dayanıqlı və ən dəyərli ticarət partnyorudur. Çin üçün də Avropaya ən qısa və sürətli çıxış vacibdir və bu, məhz Azərbaycan üzərindən gerçəkləşir. Deməli, biz bu dəhliz vasitəsilə trilyon dollarlıq yüklərin daşınmasında mühüm rol oynaya bilərik".
Fuad İbrahimov bildirib ki, Prezidentin də son çıxışında qeyd etdiyi kimi, yükdaşımaların həcmi 15 milyon tondan 25 milyon tona qədər artırılacaq: "Amma bu, real potensialın yalnız kiçik bir hissəsidir. Əgər biz infrastrukturumuzu genişləndirsək və texniki imkanlarımızı inkişaf etdirsək, dəhliz daha böyük həcmlərə xidmət edə bilər. Burada fərqi yoxdur – istər Bakı–Tbilisi–Qars xətti, istər Zəngəzur dəhlizi, istərsə də İran üzərindən digər marşrut olsun – hər birinin öz yeri olacaq. Əsas məsələ texniki imkanların gücləndirilməsidir. Digər tərəfdən, yalnız tranzitlə kifayətlənmək də doğru deyil. Daha yaxşı olardı ki, biz Çinin sənaye istehsal modelini Azərbaycanda tətbiq edək. Bu gün sənaye parkları açılır, amma onların fəaliyyəti zəifdir, istehsal olunan məhsullar ixraca çıxa bilmir. Niyə? Çünki rəqabət yönümlü siyasət düzgün təhlil olunmur, iqtisadi əsaslandırmalar qeyri-effektiv aparılır. Halbuki bizdə hər kəs bir-birini yoxlayır – müəllimlər şagirdləri, idarələr işçiləri test edir. Amma nəticədə keyfiyyət və effektivlik yoxdur".
Həmçinin iqtisadçı ekspert hesab edir ki, rəsmi Pekinlə əlaqələrdə diqqətimizi məhz bu məsələlərə yönəltməliyik: "Ticarət dövriyyəsi onsuz da artacaq. Əsas məsələ ondan hansı keyfiyyətli təsirləri əldə edəcəyimizdir. Bu təsirlər sadəcə statistik rəqəmlər deyil, real iqtisadi fayda və sosial rifah gətirməlidir".
Xumar Emilqızı
17:14 09.09.2025
Oxunuş sayı: 1171