SOCAR və Qətərin "UCC" holdinqi Anlaşma Memorandumu imzalayıb – YENİLƏNİB

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Qətərin "UCC Holding"i arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının
iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun,
"UCC Holding"in sədri Mutaz Al-Xayyatın və digər yüksək səviyyəli rəsmi
şəxslərin iştirakı ilə keçirilən tədbirdə sənədləri SOCAR-ın prezidenti Rövşən
Nəcəf və "UCC Holding"in prezidenti Ramez əl Xayyat imzalayıblar.
Anlaşma memorandumları enerji dəyər zəncirinin bütün istiqamətləri,
o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma
infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları
və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə
malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri
üzrə əməkdaşlığı əhatə edir.
Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb
Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinə dair
imzalanmış sənəd Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıq
Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında
yenidən qurulmasına töhfə verəcək.
Şirkətlər arasında imzalanmış ikinci sənəd isə SOCAR və
"UCC Holding"in digər ölkələrdə əməkdaşlığını və beynəlxalq enerji
bazarlarında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
20:14 06.09.2025
Oxunuş sayı: 1607