Azərbaycan Afrika qitəsinin iqlim çağırışları ilə bağlı yüksək-səviyyəli iclas keçirib

Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi" adlı yüksək səviyyəli nazirlər iclası baş tutub.
Crossmedia.az xəbər verir ki, iqlim danışıqları prosesində
Afrika qitəsi üçün ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziyyəti
və ehtiyacları ilə bağlı tədbir Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində
keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 2-ci
İqlim Həftəsi çərçivəsində təşkil olunub. Tədbirdə 50-yə yaxın ölkə, eləcə də
müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə
iştirak edib.
İclasın açılış mərasimində COP29 Sədri Muxtar Babayev,
COP30-un müəyyən edilmiş Sədri Andre Korrea do Laqo, Efiopiyanin planlaşdırma və
inkişaf naziri Fitsum Assefa Adela, Afrika İttifaqının Komissiyası sədrinin
nümayəndəsi səfir Amr Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun sədri
Riçard Muyunqi çıxış ediblər.
Çıxış zamanı M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli
gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə ölkələrinin qadir
olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətinə vurğu
edib. O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin
maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini
iştirakçıların diqqətinə çatdırıb.
COP30-un müəyyən edilmiş Sədri A.K. Laqo Afrikanın
çağırışlarını diqqətdə saxladığına görə COP29 sədrliyini təşəkkür edərək, COP29
Sədrliyinin Afrika qitəsinin çağırışlarına xüsusi diqqət yetirilməsi ənənəsinin
COP30 Sədrliyi tərəfindən davam etdiriləcəyini bildirib.
Efiopiyanin planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin
iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan
tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə Efiopiyada təşkil olunan
2-ci İqlim Həftəsinin uğuruna verdiyi töhfəyə görə təşəkkür edib.
Afrika İttifaqının nümayəndəsi səfir A. Alcovaili və UNFCCC
Afrika danışıqçılar qrupunun Tanzaniyadan olan sədri R. Muyunqinin açılış
çıxışlarından sonra tədbir iki plenar iclasla davam edib. Afrika ölkələrinin
müvafiq nazirləri və yüksək səviyyəli nümayəndələri qitənin iqlim dəyişmələri
kontekstində xüsusi vəziyyətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasında öz əksini tapdığını və iqlim danışıqlarında bu məsələnin nəzərə
alınmalı olduğunu vurğulayıblar. Onlar beynəlxalq diqqətin Afrikanın xüsusi vəziyyətinə
yönəlməsinə əhəmiyyətli töhfə verən bu tədbirin təşkilinə, habelə yaradılmış
imkana görə Azərbaycan COP29 Sədrliyini alqışlayıblar.
Plenar müzakirələrdə dövlətlər, habelə beynəlxalq qurum
nümayəndələri və maraqlı tərəflər mövzu ətrafında fikir mübadiləsi apararaq,
beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı Afrikanın öncülük edəcəyi həll
yollarının əhəmiyyətli olacağına diqqət çəkiblər.
Yüksək-səviyyəli nazirlər iclasına COP29 Sədri Muxtar
Babayev və COP30-un müəyyən edilmiş Sədri Prezidenti M.Babayev və Andre Korrea
do Laqonun bağlanış nitqi ilə yekun vurulub.
18:45 06.09.2025
Oxunuş sayı: 1010