Rusiya son dövrlər özünü elə aparır ki, sanki dünən qurulmuş dövlətdir - Deputat

Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik davam edir. Xüsusən AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Rusiyanın öhdəliyinə düşən vəzifələri icra etməməsi, bundan boyun qaçırması məsələləri daha da qəlizləşdirir. Bundan əlavə Rusiyada soydaşlarımızın üzləşdiyi qeyri-obyektiv münasibət, zorakılıq halları da artıb.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Rusiya XİN-in mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlamasını şərh edərkən bildirib ki, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb.
Bəs bu gərginlik daha nə qədər çəkəcək? Rusiya azərbaycanlılara qeyri-obyektiv münasibəti nə zaman dayandıracaq?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib: “Bu məsələ illərdir var. Rusiyada azərbaycanlılara qarşı qeyri-etik davranışlar, hətta etnik təmizlənmə hər zaman olub. Bu Rusiyanın Qafqaz xalqlarına, xüsusən də Azərbaycan və azərbaycanlılara qarşı yönələn siyasətidir. Keçən ilin dekabrında təyyarəmizin vurulmasından sonra bu etnik təmizləmə ən yüksək səviyyəyə çatdı. Azərbaycanla Rusiya arasında münasibətlər ciddi şəkildə kəskinləşdi. XİN-in açıqlaması da bu faktlara söykənərək verilən açıqlamadır. Biz düşünürdük ki, Rusiya bəzi məsələlərdə “böyük dövlət əxlaqı” nümayiş etdirər. Amma Rusiya bu yolu tutmadı. Rusiya son dövrlər özünü elə aparır ki, sanki dünən qurulmuş dövlətdir. O hələ də işğalçılıq zehniyyətindən xilas ola bilmir. Düşünürəm ki, XİN-in açıqlaması düzgün açıqlamadır. Ümid edirəm ki, Azərbaycan-Rusiya münasibətləri daha da kəskinləşməz və geridönməz hala gəlməz”.
Ayhan
12:51 06.09.2025
Oxunuş sayı: 969