Xalqımıza qarşı həyata keçirilmiş soyqırımlar heç vaxt yaddan çıxmamalıdır - Deputat

Son günlər beynəlxalq mediada Azərbaycanda saxlanılan erməni məhbuslarla bağlı müxtəlif məlumatlar yayılır. Xüsusilə beynəlxalq məhkəmələrdə onların maraqlarını təmsil edən Siranuş Saakyan bəyan edib ki, bəzi məhbuslar arasında “intihara cəhdlər” qeydə alınıb. O, məhbus ailələrinin verdiyi məlumata əsaslanaraq, həm sağlamlıq problemlərinin, həm də psixoloji gərginliyin artdığını vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi artıq Azərbaycandakı fəaliyyətini dayandırıb və məhbuslarla son görüş iyun ayında baş tutub. Bu səbəbdən onların vəziyyəti ilə bağlı informasiyalar əsasən telefon zəngləri vasitəsilə ailələrdən əldə olunur.
Bunun fonunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra ictimai müzakirələrdə əsas mövzulardan biri də erməni əsirlərin taleyi ilə bağlıdır.
Maraqlıdır bəs bu cür hay-küy erməni məhbusların məhkəmə proseslərinə necə təsir edə bilər və ölkəmiz onları azadlığa buraxa bilərmi?
Hətta ehtimal olunur ki, Ermənistan dövlətidə Azərbaycana bununla bağlı rəsmi müraciət ünvanlayaraq.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənilər tərəfindən yaradılan hay küyün əsassız olduğunu qeyd edib :
"Erməni məhbusların saxlanılması üçün bütün zəruri şərait təmin edilib. Onların sağlamlığının qorunması məqsədilə mütəmadi tibbi müayinələr aparılır, qida təminatında isə heç bir problem yoxdur. Mediaya təqdim olunan foto və videomateriallardan da göründüyü kimi, onların saxlandığı yerlərdə Avropa standartlarına uyğun şərait mövcuddur. Bu səbəbdən də qaldırılan iddialar əsassızdır.
Qeyd edilməlidir ki, həmin şəxslər uzun illər azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərdə birbaşa və ya dolayı şəkildə iştirak etmiş, həmin proseslərin şahidi olmuş şəxslərdir. Hazırda istintaq davam edir, onlara qarşı konkret maddələr üzrə ittihamlar irəli sürülüb. Cinayətlərin sübutu üçün yüzlərlə şahid dindirilib, toplanmış materiallar da onların törətdikləri əməlləri təsdiqləyir.
Bu səbəbdən istintaq başa çatmalı, məhkəmə prosesi sona yetməli və təqsirli şəxslər qanun qarşısında cavab verməlidirlər. Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir, lakin bu, törədilmiş cinayətlərin unudulacağı anlamına gəlmir. Tariximizə və xalqımıza qarşı həyata keçirilmiş soyqırımlar heç vaxt yaddan çıxmamalıdır".
Deputat həmçinin saxlanılan məhbusların bütün şəraitlərinin lazımi səviyyədə təmin olunduğunu qeyd edib.
"Qanun qarşısında məsuliyyət daşıyan şəxslər gec-tez cavab verəcəklər. Bununla belə, onların saxlanma şəraiti, məhkəmə prosesi və ailə üzvləri ilə təmas imkanları ən müasir və sivil tələblərə uyğun şəkildə təmin olunub. Xarici dairələrin təzyiq yaratmaq məqsədilə ortaya atdığı şayiələr isə əsassızdır.
Azərbaycan tərəfi inanır ki, istintaq yekunlaşdıqdan sonra bütün cinayətkarlar layiqli cəzalarını alacaq, bölgədə isə ədalət və sülh bərqərar olacaqdır" - deyə o bildirib.
Elmir Heydərli
23:02 05.09.2025
Oxunuş sayı: 824