Bu gün Ukraynanın uzaqmənzilli raketlərlə təmin olunması real görünmür - Açıqlama

Ukraynaya Rusiyanın Ural dağlarını belə dələ biləcək raketlər veriləcəkmi?
Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi səbəbləri sırasında tərəflərin razılaşmaması ilə yanaşı kənar qüvvələrin təsiri də var. Avropa dövlətləri və ABŞ-nin Ukraynanı “himayə etməsi” və “kömək etməsi” müharibəyə başqa fon verir. Hər dövlətin öz maraqlarına uyğun çıxış etməsi və bu müharibədən nəsə əldə etmək arzusu müharibənin müddətini uzadır. Avropa dövlətləri və ABŞ hər dəfə Ukraynanı silahlandıracağı ümidini verərək Rusiyanın Avropaya girişinin qarşısını almağa çalışır. Lakin verilən silahlar arasında vəd edilən uzaqmənzilli raketlər olmur. Lakin Britaniya baş naziri Kir Starmerin Parisdə iclasda çıxışı məsələyə yeni aspektdən baxmağa vadar edir. O qeyd edib ki, "Arzuedənlər koalisiyası" ölkələri Ukraynaya uzaqmənzilli raketlər tədarük etməyə hazır olduqlarını təsdiqləyib.
Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli Crossmedia.az-a açıqlama verib:
“Ukraynanın silahlanma prosesində Qərb maksimum şəkildə hərbi əməliyyatların aparılması prosesini təmin etməyə çalışır. Ukrayna müxtəlif təyinatlı raketlər, mərmilər, silah-sursatlarla təmin edilir. Amma bu müharibədə də bəzi qırmızı xətlər var. Bu qırmızı xətlər Ukraynanın strateji ballistik raketlərlə təmin olunması ilə bağlıdır. Qərb düşərgəsi çox yaxşı anlayır ki, Ukraynanın bu silahlarla təmin olunması müharibənin miqyasını genişləndirə bilər. Rusiyanın atacağı addımları daha da kəskinləşdirə bilər. Bunlardan biri də uzaqmənzilli raketlərlə bağlıdır ki, Rusiya bu məsələ ilə bağlı bir neçə dəfə sərt açıqlama verib. Ukraynanın uzaqmənzilli raketlərlə təmin olunması bu gün real görünmür. Raketlər bir neçə sinifə bölünür: Ortamənzilli, uzaqmənzilli, ballistik, qitələrarası, yaxın məsafədə hədəfi məhv etmək üçün nəzərdə tutulan taktiki raketlər. Ortamənzilli raket sinifinə daxil olan raketlərin uçuş məsafəsi 1000-5500 km arasında dəyişir. Bu isə Rusiyanın dərinliyində olan Ural dağlarını da keçə biləcək potensialdadır. Mən düşünürəm ki, bu informasiya müharibəsidir. NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin 2022-ci ilin yanvar ayında səsləndirdiyi “Ukrayna və Gürcüstanın NATO üzvü olmasında heç bir problem yoxdur” və “Rusiyanın qıcıqlandırıcı addımlar atması müharibənin baş vermə səbəblərindəndir” fikirlərini səsləndirilməsi müharibənin dayanmasına yox daha da şiddətlənməsinə xidmət edirdi. Ukraynaya heç vaxt uzaqmənzilli taktiki raketlər verilməyəcək”.
Ayhan
20:30 05.09.2025
Oxunuş sayı: 792