Bəhreyn Krallığının nümayəndə heyəti Milli Məclisdə olub


Sentyabrın 5-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, görüşdə Fərid Hacıyev qonaqların səfərinin parlament aparatları səviyyəsində münasibətlərin inkişafına töhfə verəcəyinə inamını bildirib. O, bu gün ölkələrimizin qanunvericilik orqanları arasındakı səmərəli əlaqələrdən söz açıb, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Parlamentlər səviyyəsində əlaqələrin inkişaf etdiyini deyən Fərid Hacıyev bu istiqamətdə iki ölkənin parlament sədrlərinin davamlı səylərini xüsusi qeyd edib, parlamentlərimizin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından, parlament diplomatiyası institutunun möhkəmləndirilməsində, qlobal parlament dialoqunun təşviqində fəal iştirakından danışıb.
Milli Məclisin fəaliyyəti, Aparatının strukturu və qanunvericilik prosesi barədə məlumat verən Fərid Hacıyev hər iki ölkənin parlament aparatları arasında əməkdaşlığın inkişaf perspektivləri, bu çərçivədə əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi proqramlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın vacibliyindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib.
Söhbətdə parlament aparatları səviyyəsində müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.
- - -
Həmin gün Milli Məclisdə Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
İşçi qrupun rəhbəri Sabir Hacıyev bildirib ki, ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin təməlində dövlət başçılarının qarşılıqlı dostluq əlaqələri dayanır. O, hər iki dövlətin parlament rəhbərlərinin qarşılıqlı səfərlərinin, həmçinin Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində həyata keçirilən birgə fəaliyyətin münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Öz növbəsində, Nümayəndələr Şurasının Baş katibi gələn il Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bu yubileyin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Məşhur Məmmədov və Ülviyyə Ağayeva çıxış edərək dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini bildiriblər. Onlar yaxın gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını bildirərək, xüsusilə ticarət, investisiya və turizm istiqamətlərində böyük potensialın mövcudluğunu vurğulayıblar.
- - -
Sonra Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlamentin bir sıra şöbələrinin rəhbərləri ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Aparat rəhbərinin müavini Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisdə görülən işlərdən danışıb, bu cür görüşlərin qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova rəhbərlik etdikləri şöbələrin fəaliyyət istiqamətləri, gördükləri işlər, tətbiq olunan yeniliklər barədə qonaqlara məlumat veriblər, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Görüşdə parlamentdə informasiya texnologiyaları sahəsində tətbiq olunan yeniliklər, müvafiq şöbənin hazırladığı proqramlar barədə məlumat verilib, bununla bağlı slaydlar nümayiş etdirilib.
Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.
Bəhreyn Krallığının nümayəndə heyətinin üzvləri Milli Məclisdə olarkən parlamentin inzibati binası ilə tanış olublar.
18:48 05.09.2025
Oxunuş sayı: 793