Əgər Rusiya Ukraynada qələbə qazansa, bu, Avropa üçün ciddi təhlükə yaradacaq – RƏY

Ötən gün Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinə toxunub. Davamlı sülh üçün fəal rol oynamağa hazır olduğumuzu, diplomatiya və dialoqun üstün tutulmalı olduğunu bir daha vurğulayırıq - deyə Türkiyə vitse-prezidenti qeyd edib.
Təbii ki, hazırki vəziyyətdə istər ABŞ tərəfi istər Türkiyə tərəfi bu məsələnin həll olunmasında maraqlı tərəflərdi. Maraqlıdır bəs Türkiyə Rusiya ilə Ukrayna arasında sülhü reallaşdıra biləcəkmi? Bu nə qədər realdır?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev ümumən Rusiya və Ukrayna arasındakı mühüm məsələlərin böyük hissəsinin məhz Türkiyənin vasitəçiliyi ilə razılaşdırıldığını bildirib: “Rusiya və Ukrayna arasındakı mühüm məsələlərin böyük hissəsi məhz Türkiyənin vasitəçiliyi ilə razılaşdırılıb. Taxıl razılaşması, əsirlərin mübadiləsi, eləcə də Ukrayna üçün xüsusi əhəmiyyət daşıyan Azov döyüşçülərinin geri qaytarılması kimi addımlar bunun bariz nümunəsidir.
Digər diqqətəlayiq məqam isə Rusiya və Ukrayna münasibətlərinin normallaşması istiqamətində İstanbul formatının müəyyən uğur qazanmasıdır. Doğrudur, bu format çərçivəsində həlledici razılaşmalar əldə olunmayıb. Bunun üçün hər iki tərəfdə güclü siyasi iradə olmalı, xüsusilə də Rusiya sülh istəyi nümayiş etdirməlidir. Lakin Moskvadan gələn bəzi siqnallar bunun əksini göstərir. Məsələn, Rusiya prezidenti Vladimir Putinin son açıqlamasında bildirilmişdi ki, liderlərin görüşü yalnız Moskvada baş tuta bilər və əgər Vladimir Zelenski dialoq istəyirsə, Moskvaya gəlməlidir. Bu isə Rusiyanın sülhə ciddi şəkildə maraqlı olmadığını göstərir”.
Politoloq həmçinin belə bir şəraitdə vasitəçinin kimliyinin mühüm olmasına baxmayaraq daha vacib amil tərəflərin sülh iradəsi göstərməsi olduğunu bildirib.
“Belə bir şəraitdə vasitəçinin kimliyi mühüm olsa da, daha vacib amil tərəflərin sülh iradəsi göstərməsidir. Rusiya tərəfinin əsas hədəfi Donbasın işğal olunmamış iri şəhərlərini ələ keçirib, sonradan “Novaya Rossiya” adlandırılan əraziləri tam nəzarətə götürməkdir. Yalnız bundan sonra Moskva sülh danışıqları barədə təkliflər səsləndirə bilər. Bu isə faktiki olaraq Ukraynanın kapitulyasiyası deməkdir ki, nə rəsmi Kiyev, nə də Avropa ölkələri bununla razılaşa bilər. Onların məqsədi işğal olunmuş ərazilərin azad edilməsidir. Əgər Rusiya Ukraynada qələbə qazansa, bu, Avropa üçün ciddi təhlükə yaradacaq.
Hazırda Türkiyənin əsas missiyası atəşkəsin əldə olunması və müharibənin aktiv fazasının dayandırılmasıdır. Bu baxımdan liderlərin görüşünün təşkil olunması xüsusi əhəmiyyət kəsb edir. Rəsmi Ankara Putin və Zelenskinin İstanbulda görüşməsi üçün intensiv səylər göstərir. Əgər bu görüş baş tutar və Türkiyə atəşkəsə nail olarsa, bu, həm sülh prosesinə, həm də müharibənin dayandırılmasına mühüm töhfə olacaq”- deyə politoloq qeyd edib.
Elmir Heydərli
16:33 05.09.2025
Oxunuş sayı: 1140