Taleh Kazımov: "İstedadlar gələcək dəyişikliklərin hərəkətverici qüvvəsidir"

İnnovasiyaların, texnologiyaların inkişafı və istedadlı gənclərə dəstək bu gün ölkənin və dünyanın gələcəyinə qoyulan əsas investisiyalara çevrilir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi
Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən Beynəlxalq Universitetlərarası
Proqramlaşdırma Olimpiadasının (ICPC) 49-cu dünya finalının bağlanış mərasimində
deyib.
Onun sözlərinə görə, gələcək qlobal dəyişikliklərin hərəkətverici
qüvvəsi məhz istedadlar və gənc proqramçılardır.
"Sizi qonaq etmək və ölkəmizin və gözəl Bakı şəhərimizin
zəngin irsini bölüşmək bizim üçün böyük şərəfdir. Bu yarışmanı dəstəkləyən
yerli komanda olaraq biz innovasiyalara, texnologiyaya və hər şeydən əvvəl
istedada sərmayə qoymaq vizyonundan ilhamlandıq. Xüsusilə də istedadlara sərmayə
qoymaqdan. Çünki siz gələcək dəyişikliyin hərəkətverici qüvvəsisiniz. Səmimi qəlbdən
ümid edirəm ki, vətənə qayıtdıqdan sonra müsabiqə ilə bağlı xatirələri
qoruyacaq, eyni zamanda mədəniyyətimizin ruhunu, qonaqpərvərliyimizin hərarətini
və əlbəttə ki, bu günlərdə tapdığınız uzunmüddətli dostluğu
xatırlayacaqsınız", - T. Kazımov qeyd edib.
O, həmçinin yarışın gedişatını, komandalar arasında gedən rəqabəti
maraq və həyəcanla izlədiyini də vurğulayıb.
"Başa düşdüm ki, yazdığınız alqoritmlər sadəcə kod sətirləri
deyil. Onlar sizin yaradıcılığınızı, əzmkarlığınızı və ən əsası komanda işinizi
əks etdirir. Siz planetimizin rəqəmsal gələcəyini formalaşdıracaq qlobal liderlər
və istedadlar cəmiyyətinin bir hissəsi olursunuz. Problemləri həll etməyə, yeni
şeylər yaratmağa və ən əsası bu dünyanın layiqli vətəndaşları olaraq qalmağa
davam edin", - AMB sədri əlavə edib.
19:37 04.09.2025
Oxunuş sayı: 808