Səfir: Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili üzərində işləyirik

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası yaxın vaxtlarda keçirilə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reporta”müsahibəsində
İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.
Onun sözlərinə görə, Hökumətlərarası Komissiya iqtisadi əməkdaşlığın
ən vacib mexanizmidir.
"Biz növbəti iclasın təşkili, həmçinin müxtəlif
nazirliklər arasında ilkin əlaqələrin qurulması üzərində işləyirik. Ümid edirəm
ki, bu görüş yaxın vaxtlarda baş tutacaq. Bu görüş, əvvəlkilər kimi, gələcək əməkdaşlıq
üçün imkanlarımızı genişləndirməyə imkan verəcək", - səfir vurğulayıb.
O, nümunələrdən biri kimi Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) ilə İsrail arasında İsraildəki "Tamar" qaz yatağının işlənməsi
layihəsində 10 % payın alınması haqqında sazişi qeyd edib. Səfir bu layihəni
yüksək qiymətləndirib və onun iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa
böyük töhfə verdiyini bildirib.
"Düşünürəm ki, bu, SOCAR-ın Azərbaycandan kənarda belə
məbləğdə investisiya yatırdığı və belə qərar qəbul etdiyi ilk haldır. Onlar
"Tamar" rezervuarının 10 %-ni aldılar və Aralıq dənizinin şimal hissəsində
yeni qaz yataqlarının kəşfiyyatı üçün tenderi qazandılar. Bu, İsrail və Azərbaycan
arasında enerji sahəsində münasibətlərə böyük töhfə olub", - diplomat əlavə
edib.
Səfir, həmçinin iki ölkənin "yaşıl enerji" məsələlərində
əməkdaşlığının mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, İsrail günəş
enerjisi sahəsində texnologiyalara malikdir. Diplomat bildirib ki, ölkə öz təcrübəsini
bölüşməyə və azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq imkanlarını araşdırmağa şad
olacaq.
O, həmçinin Bakıda keçirilmiş COP29 iqlim sammitinin əhəmiyyətini
vurğulayıb: "Azərbaycanda iki nazirin rəhbərliyi ilə İsraildən çox böyük
bir nümayəndə heyəti olub. Mən hələ də burada, Bakıda keçirilən və İsrailin də
iştirak etdiyi mühüm müzakirələri və iclasları xatırlayıram. Hesab edirəm ki,
İsrail iqlim dəyişikliyi və onunla bağlı problemlərin həllinə həm enerji, həm
su təchizatı, həm də digər sahələrdə əhəmiyyətli töhfə verə bilər", -
R.Kraus vurğulayıb.
Səfir xüsusilə qeyd edib ki, İsrail su texnologiyaları məsələlərində
Azərbaycanla əməkdaşlıq edə bilər, çünki ölkənin su çatışmazlığı ilə mübarizədə
böyük təcrübəsi var.
"Biz həmçinin bu texnologiyanı dostlarımızla bölüşə bilərik.
Bunlar iqlim dəyişikliyi, əhalinin ehtiyacları və ölkələrimiz üçün son dərəcə
vacib olan ərzaq təhlükəsizliyi ilə bağlı problemləri həll etməyə imkan verən
texnologiyalardır", - R.Kraus bildirib.
Xatırladaq ki, Azərbaycan-İsrail birgə Hökumətlərarası
Komissiyasının əvvəlki iclası 2023-cü ilin aprelində Bakıda Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Koenin
həmsədrliyi ilə keçirilib. İclasın yekununda tərəflər ətraf mühitin mühafizəsi
sahəsində əməkdaşlıq haqqında Saziş, 2023-2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq
proqramı, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Milli
Texnologiya İdarəsi arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə,
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə İsrailin "Union
Energy" şirkəti arasında əməkdaşlıq haqqında Saziş, "Azərsu" ASC
ilə İsrailin "Mekorot" milli su şirkəti arasında Anlaşma Memorandumu
imzalayıblar.
18:06 04.09.2025
Oxunuş sayı: 957