Deputatlar yeni sessiyada hansı təkliflərlə çıxış edəcəklər? - Yeni iş yerləri, MDU, rektorla görüş...

Milli Məclisin payız sessiyasının başlamasına az qalıb. Artıq deputatlar məzuniyyətdən qayıdır, iş fəaliyyətlərinə davam edirlər. Deputatların məzuniyyətdən qayıtdıqda hansı yeni layihələr, təkliflərlə qayıtmaları cəmiyyət üçün hansı faydalı proqramlarla çıxış etmələri maraq doğurur.
Crossmedia.az olaraq millət vəkillərindən payız sessiyasında hansı yeni layihələrlə çıxış edəcəklərini soruşduq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov:
"Artıq sentyabrdan Milli Məclisdə komitə iclasları, sonra isə plenar iclaslar başlayacaq. Birinci iclasda, yəni plenar iclasda Milli Məclisin iş planı qəbul olunacaq. İş planında hansı qanunların müzakirəsi nəzərdə tutulacaqsa, əlbəttə, biz də müzakirələrdə fəal iştirak etmək ve qanunla bağlı müvafiq təkliflər vermək imkanı əldə edəcəyik".
Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə:
"Mən parlamentdə elm və təhsil komitəsinin sədr müavini kimi hər zaman təklif etmişəm, təşəbbüskarı olmuşam ki, universitet rektorları ilə dialoqumuz olsun. Həmçinin bildirmişəm ki, üzümüzə gələn sessiya zamanı dəyirmi masa təşkil edək, rektorları dinləyək, problemlərini öyrənək. Yəni mütəmadi dialoq yaradaq. Eyni zamanda təklif etmişdim ki, biz bölgələrə səfərlər təşkil edək. Komitə olaraq birinci Qarabağdan başlaya bilərik. Daha sonra digər bölgələrə də səfərlər edib gənclərlə, tələbələrlə görüşlər keçirib onları dinləyək. Mən bu təşəbbüsləri irəli sürmüşəm və onları təkrarlamaq istəyirəm".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə:
"Bizim fəaliyyətimiz tətil müddətində də davam edirdi. Seçicilər qəbul edirdik, insanlarla görüşürdük, mətbuatla işləyirdik. Bir sözlə, cəmiyyətin bütün qayğıları ilə daim təmasda olmağa çalısırdıq. Yeni sessiyada, əlbəttə, əsas məsələmiz gələn ilin büdcə məsələsi olacaq. Müəyyən təkliflərimiz də var. Hər bir deputat seçildiyi dairə ilə bağlı təkliflərini verəcək. Eyni zamanda mən də Mingəçevirdə iş yerlərinin yaradılması ilə bağlı müəyyən təkliflərimi səsləndirəcəm. Mingəçevir Dövlət Universitet şəhərciyinin tikilməsi ilə bağlı qərar var idi. Amma nədənsə onun inşası ləngiyir. Bu məsələni yenidən qaldıracam.Bundan başqa ayrı-ayrı məsələlərdə isə diqqəti regionlarda sosial evlərin tikintisinə və tələbə kreditlərinin verilməsi məsələsinə yönəltmək istəyirəm. Bununla bağlı təkliflərim də var. Şübhəsiz ki, hələ sessiyanın başlamasına bir ay var. Bu müddətdə yeni fikirlər də ortaya çıxa bilər".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev:
"Payız sessiyası çərçivəsində layihələr haqqında onu qeyd etmək istəyirəm ki, Xankəndi şəhərini təmsil edən millət vəkili qismində fəaliyyətimi bir neçə istiqamətə böləcəm. Bu əsasən seçicilərlə iş, seçicilərin problemləri və "böyük qayıdış" proqramı çərçivəsində geri qayıtması prosesində üzləşdiyi məsələləri həll etməyə çalışacam. İkinci istiqamət ölkə daxili iş fəaliyyətidir ki, bu da xüsusən yerli mətbuatla olan əlaqələrdir. Ölkəmizin həqiqətlərinin düzgün çatdırılması ilə bağlı işlərdir. Üçüncü istiqamət isə beynəlxalq məsələlərlə bağlıdır. Buraya beynəlxalq media qurumları ilə əməkdaşlıqlar daxildir. Mən əvvəl xarici işlər nazirliyində işləmiş diplomat və hazırda millət vəkili kimi ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırılmağa çalışacam. Bu xüsusən indiki dövrdə olduqca vacibdir".
Ayhan
11:11 04.09.2025
Oxunuş sayı: 2246