Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib – YENİLƏNİB

Ankarada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə iclasdan əvvəl əmək və əhalinin sosial müdafiəsi
naziri Anar Əliyev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın
görüşü olub. Görüşdə sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə,
növbəti iclasın gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Birgə Daimi
Komissiyanın iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın səyləri ilə qardaş ölkələrimiz arasında münasibətlərin
daim inkişaf etdiyi və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji
müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Digər sahələrdə olduğu kimi, əmək,
məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın yüksək səviyyədə olduğu
bildirilib. Ötən dövrdə bu sahələrdə imzalanmış əməkdaşlıq sənədlərinin, Birgə
Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin genişlənməsində önəmi diqqətə
çatdırılıb.
İclasda gələcək birgə fəaliyyət istiqamətləri müzakirə
olunub. Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması, əməyin mühafizəsi,
peşə hazırlığı, pensiya təminatı, rəqəmsal xidmətlərin tətbiqi və s. sahələrdə
qarşılıqlı təcrübə və məlumat mübadilələrinin davam etdirilməsinin əhəmiyyəti
qeyd edilib. Eləcə də sosial müdafiə sahəsində əməkdaşlığa dair ötən dövrlərdə
imzalanmış Sazişin hər iki ölkədə əmək və sosial müdafiə sahələrində son illər
aparılan islahatlar, rəqəmsal xidmətlərin inkişafı fonunda müasir tələblərə
uyğun şəkildə yenilənməsinin məqsədəuyğun olduğu bildirilib.
Anar Əliyev və Vedat İşıkhan keçirdikləri brifinqdə
Komissiyanın iclasının yekunları barədə məlumat verib, ortaq maraq doğuran sahələrdə
gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdırıblar.
Sonra nazirlər Birgə Daimi Komissiyanın 12-ci iclasının
Protokolunu imzalayıblar. Sənədə əlavə olunan 2026-2027-ci illər üzrə Tədbirlər
Planında iki Nazirlik arasında qeyd edilən dövrdə aktiv məşğulluq tədbirlərinin
gücləndirilməsi, əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluğunun
artırılması, əmək miqrasiyası, əməyin mühafizəsinin təkmilləşdirilməsi və təlim
infrastrukturunun inkişafı, qeyri-formal məşğulluğun qarşısının alınması,
pensiya təminatı, sosial sığorta, əmək bazarının monitorinqi və
proqnozlaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə gələcək
əməkdaşlıq istiqamətləri, məlumat və təcrübə mübadilələrinin aparılması əksini
tapıb.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Türkiyə
Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə də tanış olub.
21:21 02.09.2025
Oxunuş sayı: 961