Azərbaycanla Türkiyə prokurorluqları arasında əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsi aparılıb




Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti "2025-2026 Yeni Ədliyyə İli Açılış Tədbiri"ndə iştirak etmək üçün Türkiyənin Ankara şəhərinə işgüzar səfər edib.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Tədbirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Baş prokuror Muhsin Şəntürk, Ədliyyə naziri Yılmaz Tunç, həmçinin çoxsaylı hakim və prokurorlar, eləcə də digər xarici qonaqlar da iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən vitse-prezident Cevdet Yılmaz məhkəmə və prokurorluq orqanlarının ədalət mühakiməsinin təmin edilməsində xüsusi rolunu vurğulayaraq, yeni ədliyyə ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, eyni zamanda, Azərbaycanın Baş prokuroru Kamran Əliyevi və Ali Məhkəmənin sədri İnam Kərimovu salamlayaraq, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və qarşılıqlı əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb.
Vitse-prezidenti Cevdet Yılmaz heyət rəhbərlərini qəbul edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, xüsusilə hüquq-mühafizə əməkdaşlığında əldə olunan nailiyyətlərin davamlı xarakter daşıdığını, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə siyasi iradəsi ilə münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Səfər çərçivəsində Kamran Əliyev Türkiyənin Baş prokuroru Muhsin Şəntürk, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Ədliyyə naziri Yılmaz Tunç və başqa xarici həmkarları ilə görüşlər keçirib.
Görüşlərdə hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.
11:10 02.09.2025
Oxunuş sayı: 859