2026-cı ilin sonuna qədər 140 min vətəndaş Qarabağa köçürüləcək - Deputat

İşğaldan azad edilən ərazilərimizdə quruculuq işləri dayanmadan davam edir. Bərpa işləri insanların daha rahat yaşaması üçün zəruri olan bütün nüansları özündə birləşdirir. Quruculuq işləri fonunda Qarabağ və Şərqi Zəngəzurda logistika və nəqliyyat da bərpa edilir. 30 avqustda 32 ildən sonra Ağdama edilən ilk qatar səfəri də yüksək qiymətləndirilməlidir. Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov da jurnalistlərə açıqlamasında bildirib ki, Ağdam şəhərindən Azərbaycanın digər işğaldan azad edilmiş ərazilərinə avtobus reyslərinin açılması nəzərdə tutulur. Bu nəqliyyat xətləri rayon və şəhərlər arasında əlaqələri sıxlaşdırır, insanların səfərlərini rahatlaşdırır.
Mövzu ilə bağlı deputat Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib:
“İşğaldan azad olunan ərazilərimiz bərpa olunur, yenidən qurulur. Artıq 50 mindən artıq vətəndaşımız işğaldan azad edilən ərazilərdə məskunlaşdırılıb. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşması, nəqliyyat və logistikadan daha intensiv istifadə edilməsi də prioritet məsələlərdəndir. Biz Qarabağ və Şərqi Zəngəzurda özəl sektora sərmaye qoyuluşunu da müşahidə edirik. Bu da həmin bölgələrimizdə nəqliyyatın bərpası baxımından olduqca vacibdir. Ağdama ilk qatar yola salındı, avtobus reysləri bərpa edildi. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda üç hava limanının tikilməsi də bu konteksdə xüsusi qiymətləndirilməlidir. Bütün bunlar ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşması daha intensiv şəkildə həyata keçiriləcək. Bu da Qarabağın Azərbaycan iqtisadiyyatında yeni lokamativə çevriləcəyi anlamına gəlir və məskunlaşmanın daha intensiv aparılmasından xəbər verir. Biz 2025-in payızı və 2026-da daha intensiv məskunlaşmanı müşahidə edəcəyik. 2026-cı ilin sonuna qədər 140 min vətəndaşın işğaldan azad edilən ərazilərə köçürüləcəyi gözlənilir”.
Ayhan
14:09 01.09.2025
Oxunuş sayı: 1128