Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni imkanların açılmasıdır - Deputat

Ötən gün ölkə başçısı İlham Əliyev Səudiyyə Ərəbistanı "Əl Ərəbiyyə" müsahibə verib. Prezident müsahibə zamanı bir çox aktual məsələrələ toxunmuş xüsusən Vaşinqtonda ABŞ vasitəsilə Azərbaycan - Ermənistan liderləri arasında keçirilən görüşün nəticələri barədə fikirlərini qeyd etmişdir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanan sənəd təkcə iki ölkə arasında sülhü deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda yeni imkanların açılmasının əsasını qoyduğunu qeyd edib:
"Avqustun 8-də Vaşinqtonda imzalanan tarixi sənəd regionda sülhün başlanğıcını rəsmiləşdirdi. Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanan sənəd təkcə iki ölkə arasında sülhü deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda yeni imkanların açılmasının əsasını qoyur. Azərbaycan sülh təşəbbüsləri ilə çıxış edərək qarşı tərəfi sülhə məcbur etdi.
Ermənistanla birbaşa dialoqun əsasında avqustun 8-də paraflanan sənəd Azərbaycanın təklif etdiyi prinsiplər əsasında dövlətlərarası münasibətlərin gələcək çərçivəsini müəyyənləşdirdi. Ən mühüm məqamlardan biri isə artıq 30 ilə yaxındır fəaliyyətsiz olan ATƏT-in Minsk qrupunun ləğv olunması oldu. Prezident İlham Əliyevin sözlərinə görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı halda bu qurumun mövcudluğu absurddur və onun hüquqi varlığına son qoyulması yeni reallıqların təsdiqidir.
Sazişin rəsmən imzalanması qarşısındakı yeganə maneə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın hələ də qüvvədə qalmasıdır. Bu dəyişiklik baş verdikdən sonra sülh müqaviləsi imzalanacaq. Əks halda, yəni bu, edilməsə, verilən sözlərə əməl olunmasa, Ermənistan beynəlxalq arenada etibarsız tərəfdaş kimi qəbul olunacaq. Çünki bu sənəd yalnız ABŞ deyil, Avropa İttifaqı, Türkiyə, ərəb ölkələri və digər beynəlxalq tərəfdaşlar tərəfindən də dəstəklənmişdir".
Deputat həmçinin Zəngəzur Dəhlizinin Azərbaycan üçün sadəcə bir nəqliyyat layihəsi deyil, həm də tarixi, iqtisadi və siyasi baxımdan mühüm strateji məsələ olduğunu diqqətə çatdırıb:
"Zəngəzur Dəhlizi, Azərbaycan üçün sadəcə bir nəqliyyat layihəsi deyil, həm də tarixi, iqtisadi və siyasi baxımdan mühüm strateji məsələdir. Bu dəhliz Azərbaycanın təşəbbüsü ilə beynəlxalq gündəmə daxil edilib və artıq dünya səviyyəsində qəbul olunur. Birgə Bəyannaməyə əsasən, bu dəhliz Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsinin yaradacaqdır. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Ermənistan üzərinə bu bağlantını təmin etmək öhdəliyi götürmüşdür. Lakin son dörd ildən çoxdur ki, Ermənistan müxtəlif bəhanələrlə bu prosesi ləngidirdi və qeyri-konstruktiv mövqe sərgiləyirdi. Hazırda isə, razılaşmaya əsasən, ABŞ Zəngəzur dəhlizinin fəaliyyətinin zəmanətində rol oynayacaq, bu, Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı olacaq. Cənab Trampın şəxsən bu rolu öz üzərinə götürməsi, Vaşinqtonun təhlükəsiz və açıq nəqliyyat əlaqələrini dəstəkləməyə hazır olması, regionun sabitləşməsinə, yeni geosiyasi və geoiqtisadi reallıqların gəlməsi deməkdir".
Deputat həmçinin ölkə başçısının öz müsahibəsində Xocalı soyqırımını, etnik təmizləməni və minlərlə itkinimizin taleyini yada salaraq, Azərbaycanın tarixi ədaləti bərpa etdiyini vurğuladığını qeyd edib:
"Prezident İlham Əliyev öz müsahibəsində Xocalı soyqırımını, etnik təmizləməni və minlərlə itkinimizin taleyini yada salaraq, Azərbaycanın tarixi ədaləti bərpa etdiyini vurğuladı.
Vaşinqton sənədi regionun gələcəyini müəyyənləşdirən yeni mərhələ açmış oldu. Bu sənəd Azərbaycanın tam qələbəsini, ədalətin bərpasını və gələcək sülhün əsaslarını təsdiqləyir. Artıq dünya birliyi Azərbaycanın haqq işini tanıyır və regionda sülhün əsas təminatçısı kimi qəbul edir".
Elmir Heydərli
21:20 28.08.2025
Oxunuş sayı: 948