Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilib



2025-ci il avqustun 28-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüşdə "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü, onlardan 6 nəfərinin 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşdüyünü diqqətə çatdırıb.
Onların içərisində
71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs olub. O, "Qarabağ
İtkin Ailələri" İctimai Birliyinin Azərbaycanda itkin ailələrini
sıralarında birləşdirdiyini qeyd edərək, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin
azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün səyləri artırmasının
vacibliyini bildirib, onları itkin düşmüş Azərbaycan vətəndaşları barədə məlumatları
təqdim etməsi üçün Ermənistana çağırış etməyə səsləyib: "30 ildən çoxdur
ki, Ermənistan bu barədə heç bir məlumat vermir. Biz 2023-cü ilin avqustunda
BMT-nin Baş katibinə, BMT Baş Assambleyasının prezidentinə, BMT-nin İnsan
Hüquqları Şurasının prezidentinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına
müraciət edərək yenə xahiş etdik ki, Ermənistana çağırış edilsin ki, itkin
düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların
yerlərini Azərbaycan tərəfinə təqdim etsin. Bizə hələ cavab verilməyib. Beynəlxalq
humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə
Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər
barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Biz
hüquqlarımıza hörmətlə yanaşılmasını istəyirik".
Məcburi
Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı Könül Behbudova 1 gün əvvəl atası vəfat
etdiyi üçün bu toplantıya gəlməyin onun üçün çox çətin olduğunu da dilə gətirib:
"Mənim atam 1992-ci ildə Zəngilanda itkin düşmüş oğlu Abbas Behbudovun həsrəti,
nisgili, ağrısı ilə bu dünyadan köçdü. Mən onun hüzr mərasimini yarımçıq
qoyaraq bura gəlmişəm ki, siz qardaşımın aqibəti barədə məlumat əldə etməkdə
bizə köməklik edəsiniz. Bu, atamın ən böyük arzusu idi. Atam da minlərlə itkin
ailəsinin illərdir gözləri yollarda qalan nümayəndələri kimi xəbər gözləyirdi".
Görüşdə
itkin İlham Dadaşovun anası Elmira Dadaşova, itkin Şahin Əliyevin anası Mahuru
Şahin, itkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, itkin Səxavət
Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, itkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə
Məmmədova və "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin digər təmsilçiləri
təəssüflə qeyd ediblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri
törətmiş şəxslərdən hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə,
müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları
düzəldirib.
İtkin
ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində
işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir,
insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin
itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki,
bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin
düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin
2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. "Qarabağ İtkin
Ailələri" İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar
xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.
Məcburi
Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı itkin ailələri Beynəlxalq Qırmızı Xaç
Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini
qeyd ediblər.
Görüşdə
"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təmsilçiləri itkin düşmüş
şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər
üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə
çatdırıblar.
BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High
Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED -
Committee on Enforced Disappearances) Katibliyinin nümayəndələri – Gabriela
Guzman, Albane Prophette Pallasco görüşdəki müzakirələrdən müvafiq qeydlər
götürdüklərini bildiriblər.
Qeyd
edək ki, bu, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin müraciətlərinə
BMT səviyyəsində baxılmasına dair ilk haldır.
19:30 28.08.2025
Oxunuş sayı: 948