İsrail "erməni soyqırımını" tanımaqla "kozırı masaya qoydu: Azərbaycan və Türkiyənin reaksiyası necə olacaq?

İsrail Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıması ciddi siyasi addım kimi qiymətləndirilir. Qəzzada apardığı əməliyyatlarla bağlı olaraq bütün dünyadan təcrid olunan rəsmi Təl- Əvivin nəyinə lazım idi belə radikal qərar? Axı İsrail başa düşməli idi ki, bu, Azərbaycan və Türkiyə ilə münasibətlərə mənfi təsir edə bilər. Elə isə?
Politoloq, professor Əlimusa İbrahimov Crossmedia.az-a açıqlamasında bu "elə isə" barədə danışdı.
O bildirdi ki, İsrail indiyə kimi "erməni soyqırımını" tanımaq istəmirdi: "İsrailin Türkiyə ilə münasibətləri fərqli vaxtlarda müxtəlif cür olub. Rəsmi Təl- Əviv müxtəlif vaxtlarda Ankaranı "genosidi" tanımaqla hədələyirdi. Ancaq tərəflər dil tapırdılar. Netanyahunun "erməni soyqırımı"nı tanıdığını deməsi hələ kifayət deyil. Hökumət bu barədə müvafiq qərar verəcəkmi? Yaxud baş nazir sözünün arxasında dayanacaqmı? Bunu indidən demək çətindir. Amma bu addım ikitərəfli münasibətləri daha da pisləşdirəcək. Bunu İsrail baş naziir özü danlayır".
Politoloqun sözlərinə görə, İsrailin indiki vaxtda "erməni soyqırımını" tanıması təsadüfi deyil: "Məlum olduğu kimi, rəsmi Ankara Qəzzadakı əməliyyatlarla bağlı Təl- Əvivi sərt şəkildə tənqid edir, İsrailə təzyiq göstərir. Odur ki, ola bilsin, Netanyahu bir növ adekvat addım kimi "genosidi" tanımağa məcbur olub. Dediyim kimi, bu, ikitərəfli münasibətləri çətinləşdirə bilər. Lakin ümumilikdə ciddi rezonans yaratmayacaq. Məsələ burasındadır ki, heç Ermənistan özü də "genosid" məsələsinin qabardılmasında maraqlı deyil. Elə buna görə də rəsmi İrəvan Netanyahunun fikirlərinə reaksiya vermədi. Halbuki əvvəllər olsa bunu toy - bayram kimi qeyd edərdilər. Düşünürəm ki, Netanyahunun səsləndirdiyi fikirlər İsrail- Ermənistan münasibətlərini daha da pisləşdirə bilər".
Professor əlavə edib ki, İsrail bu yolla əlindəki "kozırı" göstərməyə çalışıb: "Rəsmi Təl- Əviv indi çox ağr durumdadır. Qəzzadakı vəziyyətlə bağlı olaraq İsrailə təzyiq edilir. Bu dövlət faktiki olaraq izolyasiya vəziyyətindədir. Odur ki, Netanyahu sanki göstərmək istədi ki, nəinki Türkiyəyə, istənilən dövlətə qarşı mübarizə apara bilər. Amma əgər İsrail Türkiyə ilə münasibətləri daha da pisləşdirmək istəmirdisə, buna getməməli idi".
O, Azərbaycanla münasibətlərin perspektivi barədə də danışıb: "Rəsmi Bakı bu məsələdə Ankaranın yanında olacağını bildirəcək. Amma rəsmi səviyyədə İsrailə qarşı bəyanat veriləcəyini düşünmürəm. Azərbaycan təmkinli davranacaq. Ümumiyyətlə, Bakının Ankara və Təl- Əvivlə münasibətləri bir - birindən müstəqil şəkildə inkişaf etməkdədir. İrana gəldikdə isə deyim ki, onsuz da münasibətlərin dinamikası məlumdur. Odur ki, Tehranın bu məsələyə ciddi reaksiya verəcəyini istisna edirəm. Ümumiyyətlə, beynəlxalq ictimaiyyət Netanyahunun fikirlərini ciddi qarşılamır və qarşılamayacaq".
Kənan Novruzov
14:30 28.08.2025
Oxunuş sayı: 5938