Ermənistan uzun müddət sülh sazişindən yayınmağa çalışırdı – Deputat

Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan 2025-ci ilin yanvar ayının sonuna qədər, o cümlədən keçmiş ABŞ administrasiyası dövründə Azərbaycanla sülh sazişinə dair müəyyən müddəaları qəbul etməkdən imtina edib. Nazir qeyd edib ki, bu müddəalar əsasən sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi və məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı idi. Lakin sonradan Ermənistan mövqeyini dəyişərək razılığa gəlib.
Maraqlıdır, İrəvan niyə üçüncü tərəflərin sərhədə yerləşdirilməsinə çalışırdı və nə oldu ki, qərarını dəyişdi?
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, Xarici İşlər Nazirinin qeyd etdiyi kimi, Ermənistan uzun müddət sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməsinə dair öhdəliklərdən yayınmağa çalışıb: “Bunun başlıca səbəbi Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin illərlə xarici qüvvələrə arxalanmaq siyasəti yürütməsi, regional reallıqları qəbul etməməsi və öz təhlükəsizliyini məhz başqa dövlətlərin hərbi mövcudluğu ilə təmin edəcəyinə ümid bəsləməsi idi. Bu, əslində Ermənistanın müstəqil dövlət kimi davranmaq əvəzinə, geosiyasi oyunlarda alət olmağa hazır olduğunu göstərirdi".
G. Ağamalı qeyd edib ki, İkinci Qarabağ Müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Ermənistanın bu mövqeyinin ölkəni uçuruma sürüklədiyi aydın oldu: "Baş nazir Nikol Paşinyanın "real Ermənistan" tezisini gündəmə gətirməsi illərdir formalaşan mifik Ermənistan "Miatsum" ideyasının zərərlərini erməni cəmiyyətinə aydınlaşdırmaq məqsədi daşıyır. Mövcud proseslər fonunda ABŞ-ın rolu burada xüsusilə diqqətəlayiqdir. Vaşinqtonun açıq mövqeyi, sülh gündəliyinə verdiyi dəstək və qarantotluğu Ermənistanı müəyyən mənada öhdəliklərini qəbul etməyə məcbur etdi. Bu, onu göstərir ki, beynəlxalq tərəfdaşların vahid və prinsipial mövqeyi regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Deputat bildirib ki, yekun sülh sazişinin reallaşması üçün Ermənistan bundan sonra konkret addımlar atmalıdır: “İlk növbədə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini sürətləndirməli, ərazi iddialarından tam şəkildə imtina etməsini Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı təxribat xarakterli müddəaları ləğv etməklə praktik olaraq təsdiq etməlidir. Eyni zamanda, bölgədə təxribat xarakterli fəaliyyəti ilə diqqət çəkən Aİ missiyasını kənarlaşdırmalı bəsləmək və qarşılıqlı etimadı möhkəmləndirməyə yönələn addımlar atmalıdır. Azərbaycan sülhün tərəfdarıdır və dəfələrlə bəyan edilib ki, ədalətli və beynəlxalq hüquqa əsaslanan sülh sazişi imzalandığı təqdirdə regionda sabitlik və əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq. Ermənistan isə bu tarixi imkandan istifadə etməlidir”.
Mehriban Yariyeva
13:27 28.08.2025
Oxunuş sayı: 1122