“Uzun illərdir Minsk qrupu münaqişənin həlli üçün konkret iş görməyib” - Deputat

8 avqustda Vaşinqtonda keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin şahidliyi ilə ATƏT-in Minsk Qrupu və əlaqədar strukturların fəaliyyətinin dayandırılması barədə razılığa gəliblər. Azərbaycan Xarici İşlər Nazirliyi artıq iki ölkənin bu qərarla bağlı ATƏT katibliyinə birgə müraciət ünvanladığını açıqlayıb. Hazırda ATƏT də prosesə qoşulub və qurumun fəaliyyətdə olan sədri birgə müraciətə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcəyini bildirib. Bununla da Minsk Qrupunun tamamilə bağlanması istiqamətində qarşılıqlı əlaqələr və prosedurlar artıq işə düşüb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Crossmedia.az-a açıqlama verib. N.Həmzəyev, artıq ATƏT-in Minsk qrupunun heç bir fəaliyyətinin mövcud olmadığını bildirib: “Uzun illərdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsiz olması ilə bağlı Azərbaycan öz mövqeyini ortaya qoymuşdur. Çünki faktiki olaraq ATƏT-in Minsk qrupuna verilən mandat düzgün dəyərləndirilməmiş və uzun illər bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün konkret iş görülməmişdi. ATƏT-in Minsk qrupunun həmsədrləri də dəfələrlə münaqişə bölgəsinə turistik səfərlər etmişdilər. Daha çox münaqişəni dondurmaq və bu prosesi Azərbaycan tərəfinə unutdurmaq, daha sonra isə hər şeyi Ermənistanın xeyrinə həll etməkdə maraqlı olduqları mövqeni ortaya qoyurdular. Təbii ki, bu hal Azərbaycanın maraqlarına xidmət etmirdi.
Azərbaycan “44 günlük” müharibədə öz gücü hesabına bu problemi həll etdi, işğal olunmuş torpaqları azad etdi və 2023-cü il sentyabrın 20-də isə suverenliyini tam bərpa etdi. Bu səbəbdən ATƏT-in Minsk qrupunun faktiki olaraq fəaliyyətdə qalmasının heç bir mənası yox idi.
Dəfələrlə Azərbaycan Ermənistan tərəfinə çağırış etmiş və şərt qoymuşdu ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dondurulmasının ləğvi ilə bağlı Ermənistan tərəfi də öz mövqeyini ortaya qoysun. Bu prosesə biz nəhayət ki, ABŞ-da şahidlik etdik və Donald Trampın iştirakı ilə baş tutan görüşdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması mövqeyini rəsmi olaraq bəyan etdilər.
Bu prosedura uyğun olaraq ATƏT-ə üzv olan dövlətlər tərəfindən məsələ növbəti toplantılarda müzakirə ediləcək. Böyük ehtimalla həm Azərbaycan, həm də Ermənistan tərəfinin müraciəti digər dövlətlər tərəfindən də qəbul ediləcək. Artıq Ermənistan tərəfi də Qarabağ probleminin həll edildiyinə dair dəfələrlə bəyanat verib və sonuncu sülh mətninin paraflanması ilə demək olar ki, sülh prosesinə daha da yaxınlaşmışıq.
Ermənistan öz konstitusiyasına dəyişiklik etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkdiyini sübut etdikdən sonra sülh sənədinin imzalanması da reallaşacaq. Nəticə etibarilə uzun illərdir davam edən bu münaqişə nəhayət ki, sülhlə nəticələnəcəkdir. Bundan sonrakı proseslərdə xalqların yaxınlaşması, birgə fəaliyyətlərin həyata keçirilməsi, kommunikasiyaların açılması, qarşılıqlı səfirliklərin və diplomatik korpusların fəaliyyətə başlaması istiqamətində addımlar atılacaq.
Artıq ATƏT-in Minsk qrupunun heç bir fəaliyyəti mövcud deyil. Bu proses də tezliklə yekunlaşacaq və mən inanıram ki, Ermənistan tərəfi götürdüyü bütün öhdəliklərdə səmimi və real addımlar ataraq prosesin sülhlə yekunlaşmasına öz töhfəsini verəcək”.
Nicat Rüstəmzadə
14:43 20.08.2025
Oxunuş sayı: 1481